BMT-nin İnsan Haqları bəyannaməsinin qəbulundan 60 il keçir. Bu gün dünyanın mütərəqqi cəmiyyətləri tərəfindən həm də insan haqları günü kimi qeyd edilir.
Azərbaycan Respublikası da BMT-nin İnsan Haqları bəyannaməsinə, Avropa İnsan Haqları Konvensiyasına, həm də fundamental insan azadlıqları ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə qoşulub.
BMT-nin İnsan Haqları bəyannaməsinin qəbulu ilə bağlı ölkədə rəsmi tədbirlər keçirilməsə də, qeyri-hökumət təşkilatları ictimai dinləmələr keçirib. Belə ki, Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə keçirilən Azərbaycanda insan haqlarının durumuna dair ikinci Forumda çoxsaylı səfirliklərin, beynəlxalq təşkilatların, siyasi partiyaların təmsilçiləri, vəkillər, hüquq müdafiəçiləri iştirak edib.
Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus bildirib ki, Azərbaycanda fundamental insan azadlıqları ilə bağlı problemlər ilbəil çoxalır. Belə ki, bütün məhkəmə instansiyalarında əsassız qərarlar qeydə alınır. Onun sözlərinə görə, başçılıq etdiyi qurumun 2008-ci ildə araşdırdığı 21 məhkəmə işindən cəmi 5-də qəbul edilmiş qərarlar əsaslı, qalan 16-da isə əsassız və hüquqa zidd olub.
Hüquqşünas Ənnağı Hacıbəyli sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasına diqqət çəkib. Onun fikrincə, hakimiyyət hər vəchlə insanların bu hüququnun məhdudlaşdırılmasına çalışır.
Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev ölkədə media azadlığının vəziyyətinin acınacaqlı olduğunu deyib. Onun fikrincə, elektron və çap mətbuatının 98 faizi dövlət nəzarətindədir. Hazırda nəzarətə düşməyən cəmi bir neçə çap mətbuatı qalıb.
Media Hüququ İnstitutunun hüquqşünası Xalid Ağəliyev media ilə bağlı bu il məhkəmələrdə 22 iddia əsasında 41 qərar çıxarıldığını xatırladıb. Onun fikrincə, bu il məhkəmələrin medianın xeyrinə çıxardığı 11 qərar müsbət tendensiya kimi qiymətləndirilməlidir. Bununla yanaşı, öncəki illərdən jurnalistlərə təzyiqlərlə bağlı 200 fakt hələ də araşdırılmamış qalır.
Deputat Pənah Hüseyn Avropa insan haqları məhkəməsində şikayətlərə baxılmasının illərlə vaxt aparmasından narahatdır. Onun fikrincə, Azərbaycan kimi ölkələrdə insan haqlarının pozulması ilə bağlı şikayətlərə növbədənkənar baxılmalıdır. O üç il öncə Avropa insan haqları məhkəməsinə müraciət etdiyini yada salıb və həmin şikayətə hələ də baxılmayıb.
Xalq Cəbhəsi
Partiyasının sədri Əli Kərimli ölkədə insan azadlıqlarının pozulmasına
beynəlxalq təşkilatların biganəliyindən şikayətlənib. Cənab Kərimlinin
fikrincə, bəzi beynəlxalq təşkilatlar hətta azadlıqları pozan Azərbaycan
hökumətini tərifləyir.
Müsavat partiyasının başqanı İsa Qəmbər 1993-cü ildən başlayaraq davamlı olaraq ölkədə insan haqları sahəsində vəziyyətin pisləşdiyini deyib. Cənab Qəmbər hesab edir ki, insan haqlarının pozulmasının əsas səbəblərindən biri də bir qrup şəxsin hakimiyyətdən varlanmaq hərisliyidir. Dünən korrupsiyaya qarşı mübarizə günü, bu gün isə insan haqları günüdür və korrupsioner ölkələrdə insan haqları daha çox pozulur.
Öz növbəsində iqtidar rəhbərləri insan azadlıqlarının pozulması ilə bağlı deyilənləri düzgün saymır. Onların fikrincə, ölkədə insanların siyasi, iqtisadi və sosial hüquqlarının reallaşdırması üçün beynəlxalq normalara uyğun bütün şərait yaradılıb. Milli Məclisin insan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova hüquq müdafiəçilərini əməkdaşlığa səsləyib. Onun qənaətincə, insan haqları sahəsində hər hansı problemi birgə aradan qaldırmaq mümkündür.