“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaycdlan” qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevə “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatının “Təhlükədə olan jurnalistika üçün Xüsusi Mükafat”ının təqdimatı olub. Təqdimat mərasimində diplomatik missiyaların təmsilçiləri, hüquq müdafiəçiləri, siyasi partiya rəhbərləri, qeyri-hökumət təşkilatının başçıları, jurnalist təşkilatları və ziyalılar iştirak edib.
Eynulla Fətullayev mükafata bu il iyunun 2-də layiq görülüb. Mükafat 11 ildir təsis edilib və dünyada söz azadlığı sahəsində cəsurluq göstərən jurnalistlərə verilir.
Cənab Fətullayev 2007-ci il aprelin 20-də həbs olunub və məhkəmənin hökmü ilə 8 il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Baş redaktor qəzetdə çap olunan məqalə ilə bağlı ittiham olunur. Söhbət “Realnıy Azerbaydjan” qəzetində ABŞ-ın İrana hərbi müdaxiləsi ilə bağlı ehtimalların səsləndirildiyi məqalədən gedir. İttihamda bu məlumatların Azərbaycanda işləyən xarici ölkə vətəndaşları və beynəlxalq qurumlarda təşviş yaratdığı iddia olunur.
Jurnalistin atası Emin Fətullayev bildirib ki, Azərbaycanda indi də, media azadlığı təhlükə altındadır, jurnalistləri hər an təhlükə gözləyir.
Vəkil İsaxan Aşurov baş redaktorun Amnesty İnernational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanındığını qeyd edib. Onun sözlərinə görə, jurnalistin hüquqlarının müdafiəsi ilə bağlı keçirilən aksiyalar zamanı ona 14 mindən çox açıqca göndərilib. Vəkil baş redaktora daha bir mühüm mükafatı Avropa Məhkəməsinin verəcəyini deyib. Bu ilin sonunadək Avropa İnsan Haqları məhkəməsi Eynulla Fətullayevin işi ilə bağlı qərarını elan edəcək.
AXCP sədri ƏIi Kərimli Azərbaycan jurnalistlərinin söz azadlığını həyatları, sağlamlıqları və azadlıqları bahasına yaşatdığını bildirib.
Deputat Pənah Hüseyn Azərbaycanda sistemli təzyiqlərə baxmayaraq tənqidi jurnalistikanın inkişafda olduğunu deyib. Onun sözlərinə görə, son illər tənqidi jurnalistikada gənc yazarların imzaları çoxalmağa başlayıb.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu baş redaktorun həbsxanada da mübarizə apardığını bildirib. Onun sözlərinə görə, jurnalist hüquq müdafiəçiləri ilə həbsdə olan İran və Pakistan vətəndaşlarının görüşünü təşkil edib.
Almaniyanın Azərbaycandakı səfiri Pyer Stankina deyib ki, Avropa İttifaqı və bu qurumun söz azadlığı üzrə xüsusi nümayəndəsi jurnalistlərin həbsi ilə bağlı fikrini Azərbaycana açıqca bildirib. “Azad mətbuat ölkələrin demokratik inkişafında mühüm rol oynayır. Mən bu istiqamətdə çalışanları dəstəkləyirəm”, deyə o qeyd edib.
Norveçin Azərbaycandakı səfiri Yon Ramberq bildirib ki, Eynulla Fətullayev demokratiyanın inkişafında güclü səsdir və o həbsdən sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. “Yalnız inkişaf etməkdə olan demokratiyalarda deyil, bütün cəmiyyətlərdə azad mətbuatın mühüm rolu var. Medianın funksiyasını təmin etməsi üçün, cəmiyyətdə öz vəzifələrini yerinə yetirən jurnalistlər məqalələrinə görə cəzalandırılmamalıdır. Bu mənada ümid edirəm ki, Eynulla Fətullayev tezliklə həbsdən azad ediləcək”.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson isə deyib ki, jurnalistlər həbsə atılmamalı, azad şəraitdə işləməlidir. “Biz istəyirik ki, jurnalistlər azad şəraitdə işləsin, çünki demokratiyanın onlara ehtiyacı var. Hesab edirik ki, jurnalistlər həbsdə saxlanılmamalı, öz fəaliyyətlərini real işlərinə yönəltməlidir”, - deyə cənab Devidson qeyd edib.