Həmsədrlər prezidentləri görüşdürmək istəyir

"Azərbaycan rəhbərliyi ilə maraqlı görüşlər keçirdik və görüşün əsas yekunu odur ki, Davosda Dünya İqtisadi Forumu zamanı Azərbaycan prezidenti Ermənistan prezidenti ilə görüşməyə razılıq verib. Sabah biz Yerevanda olacağıq və hesab edirik ki, Ermənistan prezidenti də görüşə razılıq verəcək". Bu barədə Bakı aeroportunda ATƏT-in Minsk Qrupunun həmsədri Yuri Merzlyakov jurnalistlərə bildirib.

Həmsədr Bakıda, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Təməl prinsiplərinin qəbuluna aid müzakirələr aparıldığını deyib. "Nizamlanmanın baza prinsipləri ilə bağlı müzakirələr davam etdirilib. Sevindiricidir ki, bu müzakirələr gündəlikdədir. Prezidentlərin görüşü baş tutarsa nizamlanmanın bir sıra prinsiplərinin mahiyyətinin və hansı formada qoyuluşunun dəqiqləşdirilməsinə həsr ediləcək"-deyə o qeyd edib.

Cənab Merzlyakov Azərbaycan XİN-in Rusiyanın Ermənistana silah və hərbi texnika verməsi ilə bağlı bəyanatına isə sadəcə Rusiya xarici işlər nazirinin bur neçə gün öncə səsləndirdiyi "heç bir silah-sursat verilməməsi" haqda təkzibini oxumaqla kifayətlənib.

Fransalı həmsədr Bernar Fasye amerikalı həmsədri tam müdafiə etdiyini bildirib. "Hesab edirəm ki, müzakirələrlə bağlı ictimaiyyətə dəqiq məlumatlar çatdırılmalıdır və münaqişənin digər tərəfi ilə bağlı da məlumatlar yer almalıdır. Eyni zamanda, danışıqların məzmunu barədə ictimaiyyətə daha geniş məlumatların açıqlanması işi də aparılmalıdır. Tez-tez Britaniyalı həmkarlarımızın bir sözünü təkrarlayıram, sülh məramlı tanqo rəqsi üçün mütləq iki şəxs lazımdır. Ona görə, müəyyən bir mərhələdə keçmiş düşməni gələcəkdə bir həmkar və qonşu obrazında görmək lazımdır" - deyə o əlavə edib.

"Amerikanın səsi"nin sualının cavabında cənab Brayza bildirib ki, iki prezidentlərin bir-birinə inanması üçün müəyyən vaxt lazımdır. "Hər iki prezident müəyyən cəsarət tələb edən qərarlar verməlidir və sonradan cəmiyyətlərinin bu qərarları həyata keçirməsinə rəhbərlik etməlidir. Biz bu mənada Azərbaycan prezidentində bu məsələləri irəli aparmağa iradə və hazırlıq olduğunu hiss etdik. Hesab edirəm ki, sabah eyni hissləri prezident Sarkisyandan da görəcəyik. Mən hər iki cəmiyyəti prezidentlərinə inanmağa çağırıram. Çünki dövlət başçıları ölkələrinin maraqlarından irəli gələn məsələlərin müzakirəsini aparır. Bizə də inansınlar ki, hər iki ölkədə sülhün və inkişafın bərqərar olmasında maraqlıyıq. Ən vacibi odur ki, əgər müzakirə etdiyimiz məsələlər müəyyən nəticəyə gəlib çıxmasa, mənim ölkəmin adı və imici böyük zərbə ala bilər"-deyə cənab Brayza qeyd edib.

Cənab Fasye isə sonda deyib ki, münaqişənin hərbi həlli yoxdur. "Müharibə həll variantı kimi mövcud deyil. Müharibə intihara bənzəyir" - deyə diplomat xatırladıb.