İranın xarici işlər naziri Manuçöhr Mottaki Azərbaycana bir günlük rəsmi səfərə gəlib. Cənab MottakiAzərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb və prezident İlham Əliyev tərfindən qəbul edilib. Onu da bildirək ki, İran xarici işlər naziri ilk xarici səfərini Azərbaycandan başlayıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
İran xarici işlər naziri isə bildirib ki, danışıqlar iki ölkə arasında münasibətlrin inkişafına xidmət edir. Onun sözlərinə görə, iqtisadi, siyasi və şimal-cənub nəqliyyat dəhlizi ətrafında müzakirələr aparılıb.
«İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılması, danışıqların keçirilməsi münasibətlərin daha da genişlənməsinə xidmət edəcək. Əlaqələrimiz çoxtərəfli, o cümlədən siyasi, mədəni, iqtisadi sahələrdə uğurla inkişaf edir. Düşünürəm ki, siyasi əməkdaşlıq digər sahələrdə də əməkdaşlığın inkişafına təkan verəcək».
Cənab Mottaki sualara cavabda İran prezidentinin müsəlman ölkələrini İsraili tanımamağa çağırmasına dair bəyanatına da toxunub. "27 ildir ki, biz İsrali tanımırıq. İran Fələstinin işğal olunmuş ərazilərinin azad edilməsini, qaçqınların geri qayıtmasını və Fələstin hökumətinin yaradılması məsələsinin ədalətli həllini istəyir».
O Amerikanın səsi radiosunun İranın nüvə proqramları ilə bağlı sualına da cavab verib. Cənab Mottaki İranın nüvə silahının istehsalı və yayılmasının əleyhinə olduğunu bildirib. «İranın sülhpərvər atom proqramı iki istiqamətdə həyata keçirilir. Birnci, İran atom silahının istehsalı və onun saxlanmasının əleyhinədir. Biz bütün dünyada atom silahının ləğv olunmasının tərəfdarıyıq. İranın hərbi doktorinasında da atom silahı yaratmaq ideyası yoxdur. İkincisi, atom proqramının həyata keçirildməsi İranın öz haqqıdır və heç bir ölkə bu haqqı onun əlindən ala bilməz. Çünki bizim nüvə proqramımız dinc xarakter daşıyır. BMT-yə üzvlüyümüz bizə bu haqqı verir. Proqramımız sülh məqəsədi daşıyır. Bunda kənar hər bir məlumatı İran təkzib edir».
ABŞ-ın Azərbaycan-İran sərhəddində radar qurğuları quraşdırmaq planına İranın münasibəti barədə sualın cavabında cənab Mottaki əmin olduğunu bildirib ki, Azərbaycan və İran "bir-birinin əleyhinə hər hansı addım atmağa heç kəsə imkan verməyəcək".
İranın xarici işlər naziri Azərbaycanda keçirilmiş parlament seçkilərinə də münasibət bildirib və "seçkilərin nəticələrində razı qaldığını" deyib.