Azərbaycanın Milli Televiziya və Radio Şurası yanvarın 1-dən yerli tezlikdə “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının yayımının dayandırılması barədə qərar qəbul edib. Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, “Teleradio yayımı haqqında” qanunun tələbləri artıq tam yerinə yetirib.
Cənab Məhərrəmli “Amerikanın səsi”nin xarici radioların dövlətlərarası müqavilə əsasında yerli tezliklərdə yayımının mümkünlüyü ilə bağlı sualına isə birmənalı cavab verməyib. Onun fikrincə, qanunun tələbinə görə dövlətlər arasında müqavilə imzalanarsa xarici kanal Milli Teleradio Şurasının elan etdiyi tenderdə iştirak edə bilər.
Milli Teleradio Şurasının qərarı ictimai-siyasi təşkilatlar, siyasi partiya liderləri, jurnalist təşkilatları tərəfindən etirazla qarşılanıb. Müxalifətdə olan siyasi partiyalar Teleradio Şurasının qərarını iqtidarın uzun müddətdən bəri söz azadlığının boğulması ilə bağlı siyasətini məntiqi nəticəsi sayır.
AXCP sədri Əli Kərimli hesab edir ki, mətbuatın sıxışdırılması və fərqli düşünənlərin təqibi prosesi 2005-cı ildən intensivləşib. Həmin ildən jurnalistlərin həbsi başlayıb, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov qətlə yetirilib, çoxsaylı jurnalist fiziki təzyiqə, təqibə məruz qalıb, “Azadlıq” qəzeti və “Turan” İnformasiya Agentliyi yerləşdiyi binadan çıxarılıb. Partiya sədrinin fikrincə, hökumət xalqın maariflənməsinə də ehtiyac duymur.
Cənab Kərimli xarici radioların yayımının dayandırılmasını ölkədə monarxiya qurulmasının tərkib hissəsi sayır. Onun fikrincə, söz azadlığının məhdudlaşdırılmasında hökumətlə yanaşı beynəlxalq təşkilatların da məsuliyyəti var.
İqtidarda olan “Yeni Azərbaycan” partiyası isə bunun əksini düşünür. YAP İcra katibinin müavini Mübariz Qurbanlı Teleradio Şurasının qərarını beynəlxalq normalara uyğun sayır.
“Müsavat” başqanı İsa Qəmbər xarici radioların yayımının dayandırılmasını hakimiyyətin reallıqları görmək istəməməsi ilə izah edib.
Müstəqil ekspertlər, ictimaiyyətin nümayəndələri də Teleradio Şurasının qərarını dəstəkləmir. “Respublikaçı” alternativ real ictimai birliyinin təsisçisi İlqar Məmmədov bildirib ki, “Amerikanın səsi” radiosu yeganə mənbədir ki, Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin səsini qoruyub saxlayıb.
Müstəqil ekspert Zeynal Məmmədli Milli Teleradio Şurasının qərarını plüralizmə atılan daş adlandırıb. Onun fikrincə, qərar demokratik azadlıqları azaldır və Azərbaycanın beynəlxalq öhdəliklərinə ziddir.