Filip Qordon: Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün baza prinsipləri üzrə əsas anlayışlar var

ABŞ Dövlət Katibinin köməkçisi Filip Qordon dünən Azərbaycanda səfərdə olub. O bildirib ki, üç həftə təyimnat almasına baxmayaraq Cənubi Qafqaz regionuna tezliklə səfər etməyi vacib bir addım sayıb. “Səfərimin məqsədi Obama Administrasiyasının regiona və regionda Azərbaycanla əməkdaşlığa olan marağını nümayişidir. Həmçinin, Azərbaycanla mövcud strateji münasibətlərimizi və onun əhəmiyyətini vurğulamaqdır”. Onun dediyinə görə, ABŞ Dağlıq Qarabağ məsələsinin həlli də daxil olmaqla, regionun təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. “Düşünürəm ki, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində tarixi imkanlar mövcuddur və ABŞ bu məsələdə bacardığı qədər kömək etməyə hazırdır”.
Cənab Qordon jurnalistlərin sualının cavabında xarici radiostansiyaların FM tezliyində yayımının dayandırılması ilə bağlı məsələyə də toxunub. “ABŞ Hökuməti bu məsələ ilə əlaqədar irəliləyişə nail olmaq üçün Azərbaycan Hökuməti ilə əlaqədədir. Bu bizim üçün vacib məsələdir. Düşünmürəm ki, alternativ plana ehtiyacımız var. Bizə lazım olan odur ki, təklif etdiyimiz yolla irəliləyək. Gözəl olardı ki, həmin radiolar yenidən açılıb, fəaliyyət göstərsin”.
Dövlət Katibinin köməkçisi Azərbaycan rəsmiləri ilə demokratiya və insan haqları sahəsində vəziyyətlə bağlı müzakirələr aparacağını bildirib. “Bu mövzular Birləşmiş Ştatlar üçün hər zaman önəm daşıyır. Obama Administrasiyası üçün də vacibdir. İnanırıq ki, ölkələr daha açıq və azad olanda daha çox xeyir görür, ABŞ və Qərblə tərəfdaş olmaq onlar üçün daha asan olur. Biz Azərbaycanın Birləşmiş Ştatlar və Qərblə yaxın tərəfdaş olmasını istəyirik”.
Cənab Qordon Nabucco layihəsindən danışarkən ABŞ-ın Birləşmiş Ştatların Avropanın enerji təchizatının şaxələndirilməsini tam dəstəklədiyini deyib. “Bu tərəfdaşlarımız üçün həm təhlükəsizlik, həmçinin də iqtisadi baxımdan məqbuldur. Uzun illərdir ki, ABŞ Azərbaycanla enerji ehtiyatlarının şaxələndirilməsinin təşviqi üzrə müzakirələr aparır. Prezident tərəfindən Riçard Morninqstar enerji məsələləri üzrə Xüsusi Nümayəndə vəzifəsinə təyin olunub. Onun bu regionda yaxşı tanındığını düşünürəm. Klinton administrasiyası dövründə o, Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə böyük səylər göstərib. Biz xüsusi olaraq bu və ya digər layihəyə dəstək göstərməyə söz vermirik, lakin boruların müxtəlif istiqamətlərdə getməsini dəstəkləyir və enerji təhlükəsizliyinin təminatı işində bizə kömək etdiyinə görə Azərbaycanın nümayiş etdirdiyi rəhbərliyi və əməkdaşlığı alqışlayırıq”.
O Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında inkişafın olduğunu diqqətə çatdırıb. “ABŞ bu məsələdə diqqətlidir və yaxından iştirak edir. Regionda tarixi imkanların olmasından bəhs etdim və həmin məqamı mən tarixi imkan kimi dəyərləndirirəm. Düşünürəm ki, məsələni həll etmək üçün baza prinsipləri üzrə əsas anlayışlar var və məsələ həll olunsa bütün tərəflərin xeyrinə olar”.