Azərbaycanın Tehrandakı səfirliyi qarşısında etiraz aksiyaları keçirilib        

«Turan» Agentilyinin məlumatına görə, son bir neçə gündə Azərbaycanın Tehrandakı səfirliyi qarşısında İran gənclərinin etiraz aksiyaları keçirilir. Etirazçılar Azərbaycanda nəşr olunan "Sənət" qəzetində Məhəmməd peyğəmbərin təhqir edilməsini pisləyir, Azərbaycan hakimiyyətindən islam dayaqlarının qorunması üçün müvafiq tədbirlərin görülməsini və "təxribatçıların" cəzalandırılmasını tələb edir. Agentlik həmçinin İranın "Səhər" telekanalının Azərbaycan əlyehiynə yönəlmiş verilişlərini davam etdirdiyini diqqətə çatdırır. «Telekanalın "Kompas" verilişində "islam ənənələrinə uyğun gəlməyən" ölkə Konstitusiyasının zorla dəyişdirilməsi çığırışları yer alıb. Verilişinin aparıcıları Azərbaycan vətəndaşlarını «Sənət» qəzetində dərc olunmuş məqaləyə görə Rafiq Tağının ölüm hökmü barədə "fitva"nı yerinə yetirməyə çağırıb. İran telekanalı aparıcısının dili ilə Azərbaycanın müsəlman əhalisini hökumətin deyil, dini liderlərin çağırışlarına əməl etməli olduğunu deyib. Verilişdə həmçinin İsrail filmləri festivalının Bakıda keçirilməsinə Azərbaycan müsəlmanlarının heç bir reaksiya verməməsinin anlaşılmaz olduğu bildirilib»-deyə agentliynin məlumatında qeyd olunur. Azərbaycan xarici işlər nazirliyinin mətbuat və informasiya siyasəti idarəsinin rəhbəri Tahir Tağızadə «Amerikanın səsi» radiosuna İranın belə sərt reaksiyasının təəccüb doğurduğunu və Azərbaycanın bunu şişirtməyin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirinin İran KİV-i üçün bəyanatı kifayət qədər yetərli cavabdır. Cənab Tağızadə İran televiziyasında Azərbaycan əleyhinə son zamanlar yayılan verlişlərdən Azərbaycan xarici işlər nazirliyinin məlumatlı olduğunu da deyib. «Sənət» qəzetində dərc olunan «Avropa və biz» məqaləsi ilə bağlı müzakirələr davam edir. Din xadimləri hesab edir ki, məqalədə Məhəmməd peyğəmbərin təhqirinə yol verilib. Artıq müəllif Rafiq Tağı və qəzetin redaktoru Samir Sədaqətoğlu barəsində iki aylıq həbs qəti imkan tədbiri seçilib. Mərkəzi qərargahı Nyu-Yorkda yerləşən Jurnalitlərin Beynəlxalq Müdafiə Komitəsi jurnalistlərin həbsini pisləyib. «Biz məqalədəki bəzi fikirlərin insanların qəzəbinə səbəb olduğunu başa düşürük. Buna baxmayaraq, heç kimi öz fikrini ifadə etdiyi üçün həbs etmək olmaz. Rafiq Tağının və Samir Sədaqətoğlunun dərhal azadlığa buraxılmasını tələb edirik»-deyə təşkilatın bəyanatında qeyd olunur. Bununla yanaşı, Azad Yazarlar Birliyinin 10 nəfər üzvü Rafiq Tağının həbsinə etirahz olaraq islam dinindən imtina etdiyini bəyan edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə «Din və Cəmiyyət» mövzusunda keçirilən konfransda jurnalistləri din əleyhinə qeyri-peşəkar yazılar yazmamağa çağırıb. Onun fikrincə, mətbuat cəmiyyətin maraqlarını nəzərə almalıdır.