ABŞ-da bomba təhlükəsi olan liman yenidən açılıb

ABŞ-ın Sahil Mühafizə Xidməti Cənubi Karolina ştatının cənubunda yerləşən liman terminalının yenidən açıldığını bildirib. Liman çərşənbə günü ora gələn gəmidə çirkli bomba olduğuna dair narahatlıqlardan sonra bağlanmışdı. Lakin rəsmilər gəmidə axtarış aparandan sonra heç bir təhlükənin olmadığını deyib.

Maersk Memphis-dəki təhlükəylə bağlı xəbərdarlıqdan sonra rəsmilər Çarlstondakı Vando terminalını evakuasiya edib, federal və yerli təhqiqatçılar isə orada axtarış aparıblar. Cümə axşamı Sahil Mühafizə Xidməti dörd konteynerin yoxlandığını və rəsmilər tərəfindən “təmiz” elan edildiyini bildirib.

Gəmini idarə edən Maersk Layn onun çərşənbə günü təxminən axşam saat 8-də limana yan aldığını deyib. Sahil Mühafizə Xidməti isə şirkətə təhlükə barədə dərhal xəbərdarlıq edib.

Şirkətin mətbuat katibi Mikkeı Elbek Linnet Amerikanın Səsinə deyib ki, gəmi dərhal evakuasiya edilib və bütün ekipaj üzvləri sahilə çıxarılıb.

O deyib ki, şirkət vəziyyətə nəzarət edən rəsmilərlə işbirliyi edirdi.

Sahil Mühafizə komandiri, kapitan Qreq Stamp yerli mediaya bildirib ki, Kuper çayının bir hissəsi bağlanıb.

Stamp həmçinin qeyd edib, limandakı konteyner gəmisi ilə bağlı təhlükə şübhələrini YouTube-da fəaliyyyət göstərən konspirasiya nəzəriyyəçisi yayıb. Stamp rəsmilərin limanda ehtiyat tədbirləri gördüyünü də əlavə edib.