Dünən ABŞ-da prezidentliyə namizədlik uğrunda mübarizə rəsmən başa çatıb. Çərşənbə axşamı ölkənin paytaxtında keçirilən səsvermədə sabiq dövlət katibi Hillari Klinton Vermont senatoru Berni Sander üzərində asanlıqla qələbə qazanaraq Demokrat Partiyasından namizədliyini təminat altına alıb.
Dünən səslər hesablanan zaman Klinton və Sanders Vaşinqtondakı hoteldə təkbətək görüşərək partiyanın gələn ay namizədlik qurultayındakı platformasını müzakirə ediblər.
Sanders jurnalistlərə deyib ki, o, daha proqressiv platforma uğrunda mübarizə aparacaq.
Görüşdən sonra hər iki namizədin kampaniyası oxşar bəyanat açıqlayaraq bildirib ki, Klinton və Sanders ortaq prioritetləri müzakirə edib. Buraya minimum əmək haqqının artırılması, kampaniya maliyyə qanunlarında islahatları və universitetlərin maddi baxımdan əlçatımlılığı daxil olub.
Bəyanatlarda habelə Donald Trampa qalib gəlməyin labüdlüyü vurğulanıb. Sanders isə Respublikaçıların ehtimali namizədinin prezidentliyə uyğun olmadığını bildirib.
NBC News-un keçirdiyi yeni sorğu göstərir ki, Klinton Donald Tramp üzərində üstünlüyünü 7 faizə qədər artırıb.
Hər iki partiyanın qurultayı iyul ayının ortalarında keçiriləcək. Əvvəlcə iyulun 18-də Respublikaçılar Ohayo ştatının Klivlend şəhərində, bir həftə sonra isə demokratlar Filadelfiyada toplaşacaqlar.