Ötən həftə intiharçı hücumlarından sarsılan Əfqanıstanda Taliban şimal İmam Sahib vilayətinə hücum edib. Son hadisələr Əfqanıstan hökumətinin təhlükəsizliyi təmin etmədiynə dair qınaqlara yol açıb.
İmam Sahibə hücum edən yaraqlılar hökumət qüvvələrini böyük itkilərə məruz qoyaraq, vilayətin mərkəzinə doğru irəlilədiklərini iddia edir.
Lakin vilayətin qubernatoru Amerikanın Səsinə bildirib ki, qüvvələr Talibana amansızcasına cavab hücumuna keçib. O, əlavə qüvvələrin paytaxt Kunduza yerləşdirildiyini bildirib. Qubernator 6 əsgər və 10 yaraqlının öldürüldüyünü də təsdiq edib.
Ötən həftə Kabilin xarici diplomatik missiya və hökümət binalarının yerləşdiyi Vəzir Əkbər Xan ərazisində baş verən partlayış ətrafda yerləşən binalara və avtomobilərə böyük zərər vurub. Əfqanıstan rəsmiləri partlayıcının kanalizasiya borusunda yerləşdirildiyini bildirib.
Partlayışın baş verdiyi ərazi Almaniya səfirliyinə yaxınlığında yerləşir. Sosial mediada yayımlanan fotolarda səfirlik binasının bir hissəsinin dağıldığı əks olunub. Almaniya Xarici İşlər Naziri Siqmar Qabriel Tvitterdə bildirib ki, bomba partlayışı səbəbindən səfirliyin Əfqanıstandan olan təhlükəsizlik mühafizəçisi həyatını itirib, bir çox işçi isə xəsarət alıb.
Bomba partlayışı səbəbindən Əfqanıstan aparıcı telekommunikasıya xidməti olan Roşan şirkətinin əsas binasında böyük dağıntılar olub.
Terror hücumları əhalinin narazılığına səbəb olub. Keçən həftə prezident Qəni və onun hökumətinin istefası tələbi ilə yürüşlər təşkil edilib.