Almaniya Əfqanıstandan hərbi qüvvələrinin çıxarılmasını başa vurur

Almaniya Əfqanıstanda qalan son əsgərlərini də çıxararaq ABŞ və digər koalisiya qoşunları ilə birlikdə müharibə gedən ölkəyə təxminən iyirmi illik hərbi qüvvə göndərilməsinə son verib.

ABŞ və NATO Co Baydenin əmrlərinə uyğun olaraq 11 sentyabr tarixinə qədər hərbi qüvvələrini Cənubi Asiya ölkəsindən tamamilə geri çəkməyi planlaşdırır. Geri çəkilmə prosesi rəsmi olaraq 1 May tarixində başlayıb.

Almaniya son 250 alman əsgərinin çərşənbə axşamı Əfqanıstanın şimalındakı bazasından təyyarə ilə çıxarıldıqdan qısa müddət sonra hərbi qüvvələrin çıxışının tamamlandığını elan edib.

“Təxminən 20 illik yerləşdirmədən sonra Bundesverimizin son əsgərləri Əfqanıstandan ayrıldı” – deyə, Almaniyanın Müdafiə Naziri Anneqret Kramp-Karrenbauer Twitterdə verdiyi açıqlamada bildirib.

“Onlar evlərinə gedirlər. Tarixi bir dövr sona çatır, Bundesverə meydan oxuyan və onu formalaşdıran intensiv yerləşdirmə oldu və Bundesver döyüşdə özünü təsdiqlədi" deyə, o yazıb.

Nazir Əfqanıstandakı missiyanın tərkibində 2001-ci ildən bəri iştirak edən 150 min alman kişi və qadına təşəkkür edərək, qazandıqları uğurlarla qürur duyacaqlarını deyib.

Alman ordusunun verdiyi məlumata görə, xidmət müddətində Almaniya 39 əsgərini döyüşlərdə və ya üsyançıların hücumlarında itirib. Almaniya Müdafiə naziri Əfqanıstandakı xidmət zamanı ölən və yaralananlara ehtiramını bildirərək "siz unudulmayacaqsınız" deyib.

Bayden aprelin ortalarında geri çəkilmə planlarını elan edərkən Almaniyanın hələ də ölkədə 1100 əsgəri var idi. Bunlar Taliban üsyançıları ilə mübarizə aparan əfqanıstanlı əsgərləri yetişdirmək, onlara məsləhət vermək və kömək etmək üçün tapşırılan NATO-nun rəhbərlik etdiyi hərbi missiyanın bir hissəsi idi.

Əfqanıstan Milli Təhlükəsizlik Şurasının sözçüsü bildirib ki, NATO ölkələri öz missiyalarını tamamlasa da, bu, ikitərəfli dövlətlərarası əlaqələrin sona çatdığı demək deyil.

“Əfqanıstan Almaniya ilə sıx əlaqələrə və əməkdaşlığ malikdir. Onlar polis qüvvələrimizə geniş təlimlər keçib və bu əməkdaşlıq davam edəcək” - deyə, o qeyd edib.

NATO-nun Əfqanıstandakı yüksək mülki nümayəndəsi Stefano Pontekorvo hərbi qüvvələrin geri çəkilməsini tamamladığı üçün ittifaqın davamlı əlaqəsi barədə əfqanları əmin edib.