Bakıda Amerikanın Müstəqillik Günü qeyd edilib

Amerika səfirliyində qəbul

Tədbirdə Amerikanın müvəqqəti işlər vəkili Adam Sterlinq və Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov çıxış edib. Amerika ilə Azərbaycan müttəfiqdir.
İyulun 3-də Amerikanın Azərbaycandakı səfirliyində Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub.
Tədbirdə Amerikanın müvəqqəti işlər vəkili Adam Sterlinq və Azərbaycan hökuməti adından maliyyə naziri Samir Şərifov çıxış edib.
Cənab Sterlinq bildirib ki, ABŞ Azərbaycanla terrorizmə qarşı birgə mübarizə sahəsində sıx əməkdaşlıq edir. “ABŞ diplomatiyasının Azərbaycanda 20 illik fəaliyyətinin əsasını Azərbaycanın müstəqilliyini gücləndirmək təşkil edir. Ona görə ki, Azərbaycan bizim tərəfdaşımızdır və Birləşmiş Ştatların güclü tərəfdaşlara ehtiyacı var. Buna görə, ABŞ Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin reallaşmasına kömək edib. Buna görə, ölkələrimiz terrorizmlə mübarizə aparmaq üçün sıx əməkdaşlıq edir. Buna görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında mühüm rol oynayır”, - deyə o qeyd edib.
Cənab Sterliqin sözlərinə görə, Azərbaycanla dünya ölkələri arasında dialoq hazırda həmişəkindən daha güclüdür.
Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycanla ABŞ arasındakı iqtisadi əlaqələr üç illik fasilədən sonra 2012-ci ildə inkişaf etdirilib. "Cari ildə iki dövlət arasında yüksək səviyyəli qarşılıqlı səfərlər baş tutub. ABŞ-Azərbaycan əlaqələri gündən-günə genişlənir. Azərbaycan ABŞ ilə münasibətlərini daim diqqət mərkəzində saxlayır və bu əlaqələr strateji əhəmiyyət daşıyır", - o deyib.
Nazir bir daha xatırladıb ki, Azərbaycan Amerika ilə enerji təhlükəsizliyi və terrorizmə qarşı mübarizədə daim töhfə verməyə hazırdır. “Əməkdaşlığımızı bundan sonra da yüksələn xətlə davam etdirəcəyik”, - deyə cənab Şərivov qeyd edib.