Yüzlərlə azərbaycanlı tələbə İran mediasına açıq məktub yazıb

Beynəlxalq Ana Dili Günü (logo)

Ölkədə məhrumiyyətlə üzləşən dillərdən biri Azərbaycan türkcəsidir
İranda 21 Fevral Beynəlxalq Ana Dili Günü münasibətilə 600 nəfərə yaxın azərbaycanlı fəal ölkənin bir sıra qəzet-jurnallarına açıq məktub yazıb.

“Media forum” saytının məlumatına görə, “Şərq”, “Etimad”, “Bahar” və “Arman” qəzetlərinin, “Nəsimi bidari”, “Asiman”, “Mehrnamə” və “Əndişeyi puya” jurnallarının baş redaktorlarına ünvanlanan açıq məktubda deyilir:

“14 il əvvəl YUNESKO təşkilatı Allahın insanlara bəxş etdiyi ana dilinin əhəmiyyətini nəzərə alaraq fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan etdi. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bizim ölkədə zəngin mədəni və tarixi olan müxtəlif dillər mövcuddur. Milyonlarla insan bu dillərdə danışır, fikirləşir, öz hissiyyatlarını ifadə edirlər.

Bəşəriyyətin mədəni xəzinəsinin bir hissəsini təşkil edən həmin dillərdə danışan insanlara qarşı ölkədə qoyulan məhdudiyyətlər və qadağalar sonsuzdur və siz bütün bunlardan xəbərdarsınız. Siz media mənsubları xalqın və oxucularınızın səsisiniz. Demokratiyanın əsas şərtlərindən biri də sizin xalq dilində danışmanızdır. Ölkədə məhrumiyyətlə üzləşən dillərdən biri Azərbaycan türkcəsidir. Milyonlarla insan bu dildə danışır, düşünür, bütün məhdudiyyət və məhrumiyyətlərə baxmayaraq bu dildə yazıb yaradır, şeir söyləyirlər.

Bu mədəni və siyasi qadağanı aradan götürmək üçün ölkənin rəsmi dairələri güclü iradə göstərmədiyinə görə üzümüzü sivil cəmiyyətin ən fəal təmsilçiləri olan sizə tutub tələbimizi irəli sürürük. Öz səhifələrinizdə islam dünyasının ikinci dili olan türkdilli azərbaycanlıların ana dilinə yer ayırın. Səhifələrinizin bir hissəsini, ən azı bir səhifəsini milyonlarla həmvətəninizin dilindəki materiallara həsr edib bu dildə yazılar dərc edin. Siz yalnız bu yolla on illərdir İranda azərbaycanlıların dilinə və mədəniyyətinə göstərilən təzyiqə, ayrı-seçkiliyə və ədalətsizliyə son qoya, ədalətə və insani dəyərlərə qayıtmağa yardım göstərə bilərsiniz”.