ATƏT-in ilkin rəyinə hakimiyyət və müxalifətin fərqli reaksiyası

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyası Azərbaycanda 9 oktyabr prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlayaraq, seçki prosesini kəskin tənqid edib. Qurumun ilkin faktlar və nəticələr üzrə bəyanatında ölkədə azad, ədalətli və demokratik seçki mühitinin təmin olunmadığı bildirilir.

Your browser doesn’t support HTML5

Mübariz Qurbanlı ATƏT-in ilkin rəyinə reaksiya




Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Amerikanın Səsinə qurumun açıqladığı ilkin rəyə etirazını bildirib. O, ilkin rəyin konkret faktlara əsaslanmadığını və qərəzli olduğunu deyib. “Onlar nəyə görə digər müşahidə missiyalarından fərqli olaraq belə qərəzli yanaşırlar? Bunun səbəbi ikili standartdır, necə ki Qarabağ məsələsində ikili standarta yol verilir, Azərbaycanda keçirilən seçkilərə də bu cür ikili standartla yanaşılır. Çünki Azərbaycan bu bölgədə sürətlə inkişaf edən ölkədir, müstəqil siyasət yeridən ölkədir və Azərbaycanın yeritdiyi bu siyasəti hansısa dairələr bəyənmir. Hansısa dairələr burada öz geopolitik və ya digər maraqları naminə bu tipli vasitələrdən istifadə edərək, Azərbaycana nəyinsə xatirinə təzyiq etmək istəyir”- deyə Mübariz Qurbanlı bildirib. O, ilkin hesabatın hakim dairələr tərəfindən təəssüf, təəccüb və hiddətlə qarşılandığını deyib.


Your browser doesn’t support HTML5

Müsavat başqanı İsa Qəmbər ilkin rəyini obyektiv sayır




Müsavat partiyasının başqanı İsa Qəmbər

Müsavat partiyasının başqanı İsa Qəmbər ATƏT-in Demokratik Təsisatklar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının ilkin rəyini obyektiv və tutumlu olduğunu bildirib. O, Amerikanın Səsinə bildirib ki, hesabatda səsvermə məntəqələrinin 58 faizində ciddi pozuntuların qeyd edilməsi qurumun ciddi münasibəti və yanaşmasını əks etdirir. “Faktiki olaraq, bu, beynəlxalq birliyin Azərbaycan ictimaiyyətinə mesajıdır ki, azad dünya Əliyev rejiminin seçki saxtakarlığına göz yummayacaq”-deyə İsa Qəmbər bildirib.

Müsavat başqanı Azərbaycan hakimiyyətinin ilkin rəyə ciddi yanaşmalı və ciddi nəticələr çıxarmalı olduğunu deyib. “Eyni zamanda, Azərbaycan ictimaiyyəti öz səslərini qorumaq və seçkilərin gerçək nəticələrinin reallaşması istiqamətində fəaliyyət göstərməlidir. Biz Müsavat partiyası olaraq, Milli Şura üzrə öz müttəfiqlərimizlə, tərəfdaşlarımızla və həmkarlarımızla bir yerdə seçkilərin ləğvini və yenidən seçki keçirilməsini tələb etmişik. O tələblə bir sıra tədbirlərimiz olacaq, bir sıra addımlarımız və tədbirlərimiz olacaq və Azərbaycanda avtoritarizmin demokratiyaya keçidin təmin edilməsi istiqamətində mübarizəmiz davam edəcək”-deyə Isa Qəmbər bildirib.