Avropa Məhkəməsi 5 iş üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Insan Hüquqları Məhkəməsi 5 iş üzrə kommunikasiyaya başlayıb. Bu barədə vəkil Fariz Namazlı facebook səhifəsində yazıb.

“Bunlar İntiqam Əliyev və Ənnağı Hacıbəylinin 2006-cı ildə Vəkillər Kollegiyasına üzv qəbul edilməsindən imtina olunması, Xalid Bağırovun 2014-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsində söylədiyi fikirlərə görə Vəkillər Kollegiyasından xaric edilməsi ilə bağlıdır. İ. Əliyev və Ə. Hacıbəylinin işi üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 (Ədalətli məhkəmə araşdırılması hüququ), 10-cu (Fikri ifadə etmək azadlığı) və 34-cü (Fərdi şikayətlər) maddələrinin, X.Bağırovun işi üzrə həm də 8 (Şəxsi və ailə həyatına hörmət hüququ), 10 (Fikri ifadə etmək azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusu halları araşdırılır. Digər iş isə Azərbaycan Cinayət Məcəlləsinin 234.1-ci (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi üzrə məhkum edilmiş Dursun Əliyevin şikayəti üzrədir ki, burada Konvensiyanın 6.1 və 6.3-cü (Ədalətli məhkəmə araşdırılması hüququ) maddələrinin pozuntusu iddia edilir. Digər iş də jurnalist Həkimeldostu Mehdiyevin 2011-ci ildə məhkum edilməsi ilə bağlıdır.