Qəza nəticəsində 1 Britaniya vətəndaşı ölüb, 4 turist yaralanıb

Avtomobil qəzası (Foto SANCAQ production-nun Facbook səhifəsindən götürülüb)

İyunun 23-də Bakının Heydər Əliyev prospektində avtomobil qəzası nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Qəza “Ford Tranzit” markalı mikroavtomobusla“Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Fövqəladə Hallar Nazirliyi xilasedicilərin yol nəqliyyat qəzası zamanı ağır deformasiyaya uğramış avtomobildən 2 cəsəd çıxararaq aidiyyəti üzrə təhvil verildiyi barədə rəsmi məlumat yayıb.

Meydan TV-nin məlumatına görə qəza nəticəsində həyatını itirənlərdən biri turist, Böyük Britaniya vətəndaşıdır. İngiltərə vətəndaşı BEGOC-da məsul şəxslərdən birinin oğlu, 1992-ci il təvəllüdlü Micah Maxwell-Milne'dir.

Məlumatda bildirilir ki, mərhumun cənazəsi Xətai rayonundakı 7 saylı təcili yardım stansiyasının yanındakı morqa yerləşdirilib.

Qəza nəticəsində 1 Estoniya, 1 Nepal, 2 Böyük Britaniya vətəndaşı yaralanıb.

Yaralılar Musa Nağıyev adına Xəstəxanın reanimasiya şöbəsində yerləşdirilib. Faktla bağlı heç bir rəsmi açıqlama verilmir.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsinə avtomobil qəzası nəticəsində 1 Britaniya vətəndaşının öldüyünü, iki vətəndaşın isə yaralandığını təsdiq ediblər.

Estoniyanın Azərbaycandakı səfirliyinin telefonlarına cavab verən olmayıb.

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna hələ cavab almaq mümkün olmayıb.