“Fevralın 24-də Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi (Bakıdan 530 kilometr qərb) istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb. Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər İbrahim Vəliyev qəhrəmancasına şəhid olub.”
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti sərhəddə insidentin olduğunu təsdiq edib. Mətbuat xidməti bildirib ki, Azərbaycan tərəfi erməni tərəfinin mövqelərini atəşə tutub və bir hərbi qulluqçu yaralanıb.
Son illər Azərbaycan-Ermənistan sərhədində, xüsusilə Qazax rayonu istiqamətində gərginlik halları artmaqdadır. Bu istiqamətdə mülki vətəndaş və sərhədçi həlak olub.
Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimininin pozulması nəticəsində sonuncu dəfə bu il yanvarın 7-də Azərbaycan sərhədçisi həlak olub.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, yanvarın 7-də Qazax rayonunun Quşçu Ayrım kəndi (Bakıdan 530 kilometr qərb) istiqamətində Ermənistan tərəfdən açılan snayper atəşindən sərhədçi əsgər Fərzəli Fərzəliyev, ötən ilin oktyabrında isə ekskavatorçu, mülki şəxs Səfərəli Abışov güllə yarasından həlak olub.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev 2019-ci ildə Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsində, təmas xəttində döyüş postlarının Müdafiə Nazirliyindən təhvil alındığını bildirib.
“Burada Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyası xidməti-döyüş fəaliyyətinə başlayıb. İl ərzində bu istiqamətdə bütün sərhəd döyüş məntəqələri, 3 yeni hərbi hissə inşa olunub, sərhəd döyüş məntəqələrinə aparan və onlar arası 38,7 kilometr məsafədə qoruyucu val sədləri və 92 kilometr məsafədə yollar salınıb, istifadəyə verilmiş hərbi obyektlər müasir istilik sistemləri, generator və günəş batareyaları ilə təmin edilib, sərhəd döyüş məntəqələrinə sənaye işığı, qaz və su xəttləri çəkilib”, o qeyd edib.