Azərbaycanda 5 nəfər COVİD-19-dan vəfat edib

Koronavirus

Avqustun 4-də Azərbaycanda koronavirus infeksiyasına yeni 226 yoluxma faktı qeydə alınıb, 588 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Avqustun 4-də COVİD-19 statistikası

İndiyədək ölkədə ümumilikdə 32 910 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 348 nəfər müalicə olunaraq sağalıb, 473 nəfər vəfat edib, aktiv xəstə sayı 4 089-dur.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6409, ötən müddət ərzində isə ümumilikdə 751 246 test aparılıb.

COVID-19 haqqında qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi iyulun 5-dən avqustun 5-dək uzadılıb.

Bundan əlavə, 2020-ci il iyulun 4-dən avqustun 5-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılıb.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda avqustun 5-dək şənbə və bazar günləri bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilib.

Xüsusi karantin rejimi dövründə avqustun 31-dək bir çox iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir.

Avqustun 5-dən SMS icazə sistemi yenidən ləğv edilib.