Azərbaycanda son sutkada koronavirusdan 22 nəfər ölüb

Koronavirus

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 129 yeni yoluxma faktı qeydə alınıb, 349 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 257 330 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 236 500 nəfər müalicə olunaraq sağalıb, 3 513 nəfər vəfat edib, aktiv xəstə sayı 17 317 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 630, ötən müddət ərzində isə ümumilikdə 2 844 674 test aparılıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 256 201 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 491 nəfərin vəfat etdiyi bildirilir.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Belə ki, 50 yaşdan yuxarı şəxslər vaksinasiya olunub. Martın 22-dən Azərbaycanda 40 yaşdan yuxarı şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanılıb.

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılıb.

Bununla bağlı Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, aprel və may aylarında da həftəsonu günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması davam edəcək.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.