İranda təxminən 10 ay həbsdə olan 3 amerikalı səyyahın anaları övladlarına baş çəkmək üçün İran hökumətindən icazə və viza aldıqdan sonra bu yaxınlarda həmin ölkəyə səfər ediblər. Ötən ilin iyul ayında İran rəsmiləri 3 amerikalı gənci İran-İraq sərhədi yaxınlığında saxlayıblar.
Sarah Şurd, Şeyn Bauer və Coş Fattalın anaları Tehrandakı İsveçrə səfirliyinin yardımı ilə İrana getmək üçün viza almışlar. 1979-cu ildə İslam inqilabından sonra Birləşmiş Ştatlarla İran arasındakı diplomatik münasibətlər kəsildikdən bəri, Tehrandakı İsveçrə səfirliyi İranda Amerikanın mənafelərini dəstəkləyir.
Birləşmiş Ştatlar bu səfəri müsbət inkişaf kimi alqışlayıb. Birləşmiş Ştatlar Dövlət Departamentinin sözçüsü Filip Krouli 3 gənc səyyahın anaları ilə görüşün İranın dövlət televiziyasından yayımlanan verilişi barədə danışarkən deyib: “Biz onları görmək və onların səsini eşitməkdən məmnunuq. Hamı valideynlərin, ailə üzvlərinin və dostların uzun vaxtdan bəri onlarla ayrı düşdüklərinə görə çəkdikləri cansıxıcı həsrəti dərk edir”.
Cənab Krouli qeyd edib ki, İran beynəlxalq qanuna əsasən, xüsusi məsuliyyət daşıyır:
“Müəyyən konsul vizitləri olub, lakin kifayət qədər yox. Biz bu 3 gəncin səhhətinə və sağlamlığına görə narahatıq. Biz həmçinin Amerikalı biznesmen Robert Levinson daxil olmaqla İranda itkin düşənləri diqqətdə saxlayırıq. Biz onların heç birini unutmamışıq”.
3 səyyahın anaları Tehrana səfər edən vaxt dövlət nəzarətindəki kütləvi informasıya vasitələri Amerika həbsxanalarında saxlanılan İran vətəndaşlarına baş çəkmək məsələlərini qaldırmışdı.Cənab Krouli deyib ki, konsulluğun rəsmilərinin ya da Birləşmiş Ştatların həbsxanalarında olan iranlıların ailə üzvlərinin müraciətləri rədd edilməyib:
“Əslində biz dəfələrlə bildirmişik ki, əgər İran arzu edirsə, biz birlikdə konsulluq ya da ailə üzvlərinə viza vermək məsələsini müzakirə etməyə şad olarıq . Lakin əlbəttə mən xatırlamaq istəyirəm ki, 3 səyyah ilə Birləşmiş Ştatların həbsxanalarında olanlar arasında eynilik yoxdur, iranlılar qaçaq silahı İrana göndərmək ittihamı ilə həbsə məhkum olunublar.”
Cənab Krouli İran hökumətini hazırkı anda dürüst iş görməyə və bu 3 Amerikalı səyyahı həbsdən azad etməyə, evlərinə qayıtmağa və ailələrilə yenidən qovuşmağa icazə verməyə səsləyib.