Baş redaktor Prezident Administrasiyasının rəhbərinin adının cinayət işindən çıxarılmasına etiraz edib

Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs edilib. Beynəlxalq hüquq müdafiə təşkilatları Əvəz Zeynallını “vicdan məhbusu” kimi tanıyıb.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə Əvəz Zeynallı Vergilər Nazirliyinin onun əleyhinə olan bütün “vergidənyayınma hallarını” əsassız hesab etdiyini bildirib.
Vəkil Elçin Sadığov Əvəz Zeynallının əsassız olaraq vergidənyayınması ilə bağlı ağlasığmaz hesablar çıxaran Vergilər Nazirliyini məhkəməyə verdiyini və işin artıq 2 saylı İqtisad Məhkəməsində icraata götürdüyünü məhkəmə heyətinin diqqətinə çatdırıb. Azərbaycan qanunvericiliyinə əsasən, bir işə iki məhkəmə tərəfində eyni zamanda baxılmasının qanunsuzdur. Bu zaman, Vergilər Nazirliyinin nümayəndəsi Səxavət Rzayev “o məhkəmədə iş rədd ediləcək” deyə bildirib və bu etirazla qarşılanıb.
“Məhkəmə keçirilməmiş hakimin hansı qərarla çıxış edəcəyini haradan bilirsən? Möhtərəm hakim, bu sıravi nümayəndə haradan bilə-bilər ki, iyunun 29-da İqtisad Məhkəməsi hansı qərarla çıxış edəcək. Bu siyasi sifariş deyil, bəs nədir?”, - deyə Əvəz Zeynallı qeyd edib.
Daha sonra Əvəz Zeynallı Ədliyyə Nazirliyinin ona qarşı Cinayət Məcəlləsinin 306.2 maddəsi ilə qaldırılmış ittihamla bağlı vəsatət qaldırıb. “Ya Nüşabə Ələsgərli, Ağabəy Əsgərov, Vüqar Səfərli şəxsən məhkəməyə gəlməlidirlər, ya da iddialarından əl çəkməlidirlər”.
Hakim məhkəmədə iştirak edən Ağabəy Əsgərovun və Nüşabə Ələsgərlinin nümayəndələrinə xəbərdarlıq edib ki, ya növbəti məhkəmə iclasında zərərçəkmiş qismində həmin adamlar iştirak etməlidir, ya da məhkəmə səlahiyyətlərindən istifadə edərək məcburi qaydada məhkəməyə gətirilməsini təmin edəcək.
Əvəz Zeynallı həbs olunduğu gün əlindən alınan telefonlarının aqibəti ilə maraqlanıb. “Həbs olunduğum 28 oktyabrdan 17 dekabradək mənim telefonlarım açıq qalıb. Mənə və məndən saxta mesajlar göndərilib. İndi deyirsiniz ki, telefon məsələsinin bu işə aidiyyatı yoxdur? Bu qədər də biabırçılıq olmaz!”
Baş redaktor Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin də adının cinayət işindən çıxarılmasına da etirazını bildirib. ”Xural”ı məhkəməyə verən və bundan sonra üzərimizə səlib yürüşü edərək həbsimdə birbaşa göstərişlər verən, 9 illik fəaliyyəti olan bir qəzetin redaksiyasını talan etdirən, nəşrinə qadağa qoyan bir adamın adı nə üçün işin içində yoxdur. Əgər o həqiqətən də bu işdə yoxdursa, o zaman redaksiyanın müsadirə olunmuş əmlakı geri qaytarılsın və üzərimizə heç bir əsas olmadan qoyulan 10 min manatlıq cərimədən imtina edilsin”, - deyə o qeyd edib.
Dövlət ittihamçısı Ramazan Hadıyev məhkəmənin işə mahiyyəti üzrə baxılmasını, R.Mehdiyevin adının hallandırılmamasını istədiyini bildirməsi Ə.Zeynallını hiddətləndirib. “Ramiz Mehdiyevin adı gələndə yerinizdə otura bilmirsiniz. Bəs, mən niyə bu qədər haqsızlığa dözməliyəm?”
Məhkəmə iyunun 20-də saat 15.00-da işini davam etdirəcək.
YAP Siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və 2011-ci il oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. 2012-ci il yanvarın 17-də baş redaktorun həbs müddəti 3 ay, aprelin 12-də isə daha 1 ay uzadılıb. Bununla yanaşı, Ədliyyə Nazirliyinin Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 306.2-ci (vəzifəli şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) və 213.1 (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə cinayət işi qaldırılıb.
Əvəz Zeynallı 2011-ci il oktyabrın 28-də həbs edilib. Artıq 8 aydır həbsdə saxlanılır. Baş redaktor həbsinin jurnalist fəaliyyəti ilə bağlı siyasi sifariş olduğunu bildirib. Beynəlxalq Jurnalist və İnsan Hüquqlarının Müdafiə təşkilatları Əvəz Zeynallını “vicdan məhbusu” kimi tanıyıb.