Beynəlxalq Ana Dili Gününün yaxınlaşması ilə İran Azərbaycanın Urmiyə şəhərində türkcə kitablar paylanıb.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Urmiyə şəhərində yaşayan milli fəallar Beynəlxalq Ana Dili Günü münasibətilə bu şəhərdə ərəb əlifbası ilə yazılan türkcə kitabları vətəndaşlar və uşaqlar arasında yayıblar.
Sosial mediada paylaşılan məlumata görə, Urmiyə şəhərində uşaqlar arasında türkcə nağıl kitablarının paylanması bir neçə gün əvvəldən başlanıb və hələ də davam etdirilir.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
BMT Baş Məclisi də Ana Dilinin əhəmiyyətinə görə 2008-ci ili Dünya Dillər ili elan etmişdi.
İranda ilk dəfə 21 fevral 2004-cü il tarixində Beynəlxalq Ana Dili Günü münasibətilə Tehran Universitetlərində təhsil alan türk tələbələr tərəfindən Elm və Sənət Universitetində bir mərasim təşkil edilərək qeyd edilib.
İran Konstitusiyasının 15-ci maddəsinə əsasən "Mətbuatda və kütləvi informasiya vasitələrində yerli və etnik dillərin istifadəsi və məktəblərdə ədəbiyyatının tədrisi fars dili ilə yanaşı azaddır". Buna baxmayaraq, İranda yaşayan türklər və həmçinin fars olmayan digər millətlər öz ana dillərində təhsil almaq hüququndan məhrumdurlar.
İranda ana dili hüquqlarını müdafiə bir çox fəallar fərqli ittihamlarla məhkəmələrdə günahlandırıb və fərqli cəzalara məruz qalıb.
İran Azərbaycanında və həmçinin İranın digər türk dilli vilayətlərində hər il Beynəlxalq Ana Dili Günü münasibətilə milli fəallar şəhərlərdə türkcə kitab paylamaq, mərasimlər keçirmək və etirazları divaralarda yazılar vasitəsilə ifadə edərək bu günü qeyd edirlər.