BMT Urmiya gölünün bərpasına 135 milyon dollar ayırıb

Urmiyə gölünün son görüntüləri

Urmiya gölünün 70 faizi, ümumi sahəsinin 300 min hektarı quruyub və böyük bir şoranlıq əmələ gəlib
BMT İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan əyalətlərinin mərkəzində yerləşən, sürətlə qurumaqda olan Urmiya gölünün bərpası üçün 135 milyon dollar vəsait ayırıb.

“Media forum” saytının məlumatına görə, İran Ətraf Mühit Təşkilatının rəhbəri Məhəmmədcavad Məhəmmədizadə oktyabrın 29-da jurnalistlərə açıqlamasında deyib ki, Urmiya gölünün bərpası üçün İrana maddi yardım BMT İnkişaf Proqramı çərçivəsində ayrılıb.

Məhəmmədcavad Məhəmmədizadə bildirib ki, Urmiya gölünün qurumasının əsas səbəbi gölə axan çaylardan qanunsuz olaraq həddən artıq istifadə edilməsidir, çünki belə istifadə çay sularının gölə çatmasına mane olur.

Qərbi Azərbaycan əyalətinin Ətraf Mühit İdarəsinin rəhbəri Həsən Abbas Nəjad jurnalistlərlə söhbətində vurğulayıb ki, artıq Urmiya gölünün 70 faizi, yəni onun ümumi sahəsindən 300 min hektarı quruyub və böyük bir şoranlıq əmələ gəlib.