Cavad Heyət - təkrarsız fikir adamı [Cəmil Həsənlinin məqaləsi]

Cəmil Həsənli

Milli Şuranın sədri, tarix elmləri doktoru Cəmil Həsənli tanınmış ziyalı Cavad Heyətlə bağlı məqaləsini Amerikanın Səsinə təqdim edib Məqalə Cavad Heyətin vəfatı ilə bağlı yazılıb.

Bü gün böyük alim və fikir adamı doktor Cavad Heyətin üç mərasimidir. Bu təkrarsız fikir adamı ilə məni çox illər əvvəl böyük şairimiz Bəxtiyar Vahabzadə tanış etmişdi və bu tanışlıq mənim həyatımda dərin izlər buraxmışdır.

Cavad Heyətlə vida mərasimi

Doktor Heyət haqqında danışanda onun Bakıdakı bir neçə fikir və əməl dostlarının adlarını hökmən çəkmək lazımdır. Bura Bəxtiyar müəllim, Nurəddin müəllim, professor Süleyman Əliyarlı və başqa tanınmış simalar daxildir. Tale elə gətirib ki, doktor Heyət Bakıya gələndə mən adlarını zikr etdiyim bu böyük insanların bir sıra görüşlərində, söhbətlərində, müzakirələrində iştirak etmişəm və açığını deyim ki, həmin müzakirələrdən çox şey öyrənmişəm.

Hələ ötən əsrin 90-cı illərinin ortalarında Bəxtiyar müəllim, Şirməmməd müəllim (Bakı Dövlət Universitetinin doktoru Şirməmməd Hüseynov-red) və mənim Rəsulzadə haqqında birlikdə bir məqaləmiz çıxmışdı və doktor Heyət də həmin məqaləni oxumuşdu. Növbəti görüşlərin birində bu məqaləyə toxunaraq o, Rəsulzadənin İrandakı fəaliyyəti Seyid Həsən Tağızadə ilə münasibətləri və birgə qəzet nəşr etmələri haqqında çox maraqlı məlumatlar verdi. Onun ömrü 3 ölkə arasında keçib.

Əslində, belə bir həyatı Allah ona düşüncələrinə görə, amallarına görə vermişdi və hər üç ölkəni o, özü üçün vətən bilirdi.

Professor Cavad Heyət Təbrizdə doğulub, Türkiyənin məşhur İstanbul Universitetində tibb təhsili alıb, İranda ürək cərrahiyyəsinin əsasını qoyub və Bakıda əbədiyyətə qovuşub.

Əslində, belə bir həyatı Allah ona düşüncələrinə görə, amallarına görə vermişdi və hər üç ölkəni o, özü üçün vətən bilirdi. Doktor Heyət bir tibb alimi, bir tibb professoru olsa da, Türk Dil Kurumunun fəxri sədri idi. Bu böyük missiya ona görə onun çiyinlərinə qoyulmuşdu ki, Cavad bəy türkologiyaya aid 7 cildlik bir külliyyatın müəllifi idi. Mən dəfələrlə onunla Türkiyədə keçirilən beynəlxalq türkoloji konfranslarda iştirak etmişəm və böyük dil alimlərinin onun mötəbər fikirlər və mülahizələrinə necə dərindən iman gətirdiklərinin şahidi olmuşam. Onun türk dili, xüsusilə İran türklərinin dili, türk dili ilə fars dilinin müqayisəli təhlili ilə bağlı apardığı elmi araşdırmalar, nəşr etdirdiyi kitablar dilçilik sahəsində dərin elmi məzmuna malikdir.

Cavad bəy türkologiyaya aid 7 cildlik bir külliyyatın müəllifi idi.

Doktor Heyət gözəl ədəbiyyat bilicisi idi. O, xüsusilə orta çağ İran və Azərbaycan ədəbiyyatının, XX əsr türk ədəbiyyatının aşiqi idi. Yaddaşının arxivində Firdovsi, Nizami, Hafiz, Sədi, Şəms Təbrizidən gözəl nümunələr vardı, Yəhya Kamal və Tofiq Fikrəti əzbər bilirdi, amma poeziyada təqlidi Şəhriyara idi.

Doktor Heyət bir tarix bilicisi idi. Onun "Türklərin tarix və mədəniyyətinə bir baxış, (İslamdan əvvəl və islam dövrü başlanğıcından XVI əsrə qədər” adlı əsəri mükəmməl bir tarixi tədqiqatıdır və hər bir peşəkar tarixçi bu əsərə qibtə edə bilər.

Doktor Heyət bir tarix bilicisi idi.

Cavad Heyət əməl adamı idi. “Varlıq” jurnalını təsis etmək onun əməlpərvərliyindən irəli gəlirdi. Həmid Nutkini, Məhəmmədəli Fərzanəni, Həsən Savalanı, Kərim Sönməzi, Xamneyi Mənzurini, Səməd Sərdarniyanı, Qulamhüseyn Beqdelini və bu sıradan olan kişiləri “Varlıq”ın ətrafına toplayaraq doktor Heyət İranda türk dilinin varlığını qoruyub saxlaya bildi. Bu onun öz xalqı qarşısında böyük xidməti idi. Ən nəhayət, professor Cavad Heyət bir simvol idi, bir nümunə idi, öz sənətinə vurğunluğun nümunəsi, öz prinsiplərinə sədaqətin nümunəsi idi. Boyundan da uca şəxsiyyəti var idi, yaşının doxsanı haqlamasına baxmayaraq qamətini də şəxsiyyəti kimi düz saxlamağı bacardı. İşıqlı adam idi.

Heyət İranda türk dilinin varlığını qoruyub saxlaya bildi.

Zəmanəmizdə belələrinə az təsadüf edilir. Böyük irs qoydu, onun irsi milli mənəvi varlığı zənginləşdirir, yaddaşları təzələyir. Əminliklə deyə bilərəm ki, professor Cavad Heyətin mənəvi ömrü, onun dövrümüz üçün uzun hesab edilən cismani ömründən də çox-çox uzun olacaq, çünki diri bir həyat yaşadı öz varlığı ilə millətin diriliyinə xidmət etdi. Bir qayda olaraq yas məclislərində mərhumun ailəsinə, yaxınlarına baş sağlığı verirlər. Amma doktor Heyətin itkisi ailə hüdudlarından çox-çox kənara çıxır. Bu itkinin miqyası çox böyükdür, bu səbəbdən mən bütün Azərbaycan xalqına, İran millətlərinə başsağlığı verirəm.

Allah rəhmət eləsin, qəbri nurla dolsun.