Çin Şimali Koreya və ABŞ-ı mümkün qədər tez görüş keçirməyə çağırıb

Çinin xarici işlər naziri Şimali Koreya və ABŞ-ı mümkün qədər tez bir zamanda görüş keçirməyə çağırıb. Vanq Yi deyib ki, tərəflər vəziyyəti normallaşdırmalı və sülh uğrunda mübarizə aparmalıdır.

Düzgün istiqamətdə addım atılması və tunelin sonunda işıq görünməsinə baxmayaraq, keçid yolu rahat olmayacaq

Pekində təşkil edilən illik siyasi görüş çərçivəsində nazir bildirib ki, düzgün istiqamətdə addım atılması və tunelin sonunda işıq görünməsinə baxmayaraq, keçid yolu rahat olmayacaq.

Cənubi Koreya prezidenti Mun Cae-in də eyni mövqedən çıxış edərək, nüvə böhranına son qoyulmasında ciddi məqamlar olacağını vurğulayıb.

Cənubi Koreya rəsmisinin bildirdiyinə görə, Şimali Koreya hərbi təhlükə olmadan nüvə silahlarına ehtiyac olmadığını deyib. Pxenyan həm də ABŞ-la dialoqa açıq olduğunu bəyan edib.

Rəsminin bəyanatı Cənubi Koreyanın nümayəndə heyətinin Şimala ikigünlük səfərinin başa çatmasından sonra səsləndirilib. Heyət Şimali Koreya lideri Kim Conq Unla indiyədək presedenti olmayan görüş keçirib.

Seulda təşkil edilən mətbuat konfransında Çanq Eu-yonq Şimali Koreyanın təhlükəsizliyi təminat altına alındığı təqdirdə nüvə silahı istehsalından ələ çəkəcəyini bildirdiyini deyib.

​O, Koreyaların aprel ayında illərdən sonra sammit keçirilməsinə dair razılıq əldə etdiyini bildirib.

Seulun bəyanatları Şimali Koreya tərəfindən təsdiqlənməyib. Əgər doğrudursa, bu, Kim Conq Un üçün ciddi mövqe dəyişikliyi demək olacaq. Elə ötən həftə Şimali Koreya ABŞ-la danışıqlara hazır olduğunu, lakin öncəlik şərtləri qəbul etmədiyini bildirmişdi.

ABŞ israr edir ki, Şimali Koreya danışıqlara başlamazdan öncə nüvə proqramını dayandırmaq haqda öhdəlik götürməlidir.