Çilidə prezident seçkisinin ikinci raundu keçirilib

Bazar günü Çilidə keçirilən prezident seçkilərinin ikinci raundunda mühafizəkar milyarder Sebastian Pinera qalib gələrək ikinci dəfə prezident seçilib.

Seçki rəsmiləri 2010-2014-cü illər arasında prezident olan Pineranın səslərin 55, onun mərkəz-solçu rəqibi senator Alehandro Gillierin isə səslərin 45 faizini qazandığını bildirib.

“Bu seçkidə ən əsas faktor namizədlər deyildi. Ən əsas faktor siz özünüz, ailələriniz, ölkəmiz və Çilinin gələcəyi idi. Bu gün namizədlərin səsi kəsildi, çilililərin səsi eşidildi,” deyə Pinera bildirib.

Bu, Çilinin sağçılığa doğru addım atdığının göstəricisidir. Hazırda ölkəyə sosialist prezident Mişel Başele başçılıq edir. O isə Gilleri dəstəkləyirdi.

Pinera Cənubi Amerika qitəsində yerləşən, dünyanın ən böyük mis istehsalçısı ölkəyə mart ayından başlayaraq dörd il müddətinə başçılıq edəcək.

O, iqtisadi inkişafın bərpası məqsədilə bizneslərin vergilərini azaltmağı təklif edib və dörd illik 14 milyard dollarlıq xərcələmə planını həyata keçirməyə söz verib. Bu planın bir hissəsi olaraq o, infranstruktura yeni sərmayelər qoyulmasını nəzərdən keçirir.