Cənubi Afrikada taksi sürücülərinə hücum olub

Cənubi Afrikada silahlı şəxslərin mikroavtobusa atəş açması nəticəsində on bir taksi sürücüsü ölüb, daha dörd nəfər isə ağır yaralanıb.

Avtobusda olan 17 nəfərdən yalnız ikisi xəsarət almayıb. Polis hadisəyə səbəb olan motivləri araşdırır. Eyni marşrut üzrə fəaliyyət göstərən taksi sürücü qrupları arasındakı rəqabət əvvəllər də müxtəlif zorakılıqlara səbəb olmuşdu.

Polis rəisi Cey Neykerin verdiyi məlumata görə, sürücülər iş yoldaşlarının matəm mərasimindən Yohannesburq şəhərinə geri qayıdarkən Colenso və Veenen şəhərləri arasında pusquya düşüb.

Cənubi Afrika mətbuatı bildirir ki, may ayında Keyp Tounda mikroavtobus taksi sürücüləri arasında baş vermiş hadisədə də 10 nəfər həyatını itirmişdi.

Mikroavtobus taksiləri Cənubi Afrikada ən çox istifadə edilən nəqliyyat vasitəsidir.