31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşadığı bildirilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. O zaman Azərbaycan xalq hərəkatının fəalları, hazırda həbsdə olan Nemət Pənahlının rəhbərliyi ilə Şimali (Azərbaycan Respublikası) və Cənubi Azərbaycan (İran Azərbaycanı) arasındakı sərhəd dirəklərini dağıdıb. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.
1992-ci ildə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edilməsi ilə bağlı Əbülfəz Elçibəy hökuməti qərar qəbul edib. Əbülfəz Elçibəyin həm də AXC sədri kimi SSRİ-İran sərhədlərinin dağıdılmasının təşəbbüskarı olub.
Həmrəylik günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır.
Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.