Azərbaycan BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) üzvü seçilib

İyunun 14-də Azərbaycan BMT-nin Baş Assambleyasında keçirilmiş seçkilərdə səsvermədə iştirak etmiş 184 üzv dövlətdən 176-nın səsini əldə edərək şuranın üzvü seçilib. Azərbaycan 2017-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək ECOSOC-un üzvü olacaq. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Azərbaycan şuraya üzvlüyü zamanı BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.

ECOSOC BMT-nin əsas orqanlarından biridir, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi və sosial sahələrdə işini əlaqələndirir.