Əjdər Tağızadə: Azərbaycan xalqı, İranın boş vədlərinə aldanma! [Video-Müsahibə]

Your browser doesn’t support HTML5

Əjdər Tağızadə: Azərbaycan xalqı, İranın boş vədlərinə aldanma

DAK Daimi Şurasının sədrinin Amerikanın Səsinə müsahibəsi
Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə Amerikanın Səsinə müsahibəsində İranın Azərbaycana son notası, Dünya Azərbaycanlıları Konqresinin fəaliyyəti, İranda (Güney Azərbaycan) azərbaycanlı fəalların həbsi, Həsən Ruhani hökumətinin azərbaycanlılara qarşı siyasətindən danışıb.

Onun sözlərinə görə, İranın notasından sonra Azərbaycan Daxili İşlər Nazirliyi DAK-ın ölkədəki fəaliyyəti ilə maraqlanmağa başlayıb.

“Notada deyilir ki, DAK İranı parçalamaq istəyir. Yazılıb ki, DAK İran səfirliyi qarşısında piket keçirmək istəyir. Sənədi səfir özü imzalayıb. Orada yazılır ki, İranla Azərbaycan arasında imzalanmış sənədlərə görə bu işlər olmaz”, o qeyd edib.

Tağızadənin fikrincə, İran DAK-ın fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı nota göndərməklə göstərmək istəyir ki, hətta Azərbaycan dövlətinə də gücü çatır ki, azərbaycanlıların hüquqlarının müdafiə edən təşkilatı ləğv etdirə bilir.

“DAK Azərbaycanın müstəqilliyi elan edilməmişdən öncədən Azərbaycan bayrağını qaldırıb. Dünyanın müxtəlif ölkələrində, Avropada, Amerikada, hətta Avstraliyada İranda yaşayan, həbslərdə inləyən azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar keçirib. Azərbaycan hökuməti də bunu anlayır. İnanmıram ki, DAK-ın fəaliyyəti ilə bağlı istintaq dərinə getsin”.

O Azərbaycan xalqını, İranın yeni prezidenti Həsən Ruhaninin vədlərinə aldanmamağa çağırıb.

“Ay, Azərbaycan xalqı boş vədlərə aldanma. Bunlar aldadır. Vaxtı ilə aldandın Məşrutə İnqilabı getdi, aldandın Sərdar getdi, aldandın Xiyabani, Peşəvəri, Ayətullah Şəriət Mədari getdi, hərəkat getdi. Biz deyirik millətimiz aldanma. Azərbaycan dövləti aldanmaz. Burada azad media var, vicdanlı insanlarımız var, türk milləti var”, o qeyd edib.