Daxili işlər naziri Ramil Usubov Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın üzvü, rejissor Eldəniz Quliyevi məhkəməyə verib.
Nəsimi Rayon Məhkəməsində qaldırılan iddiada E.Quliyevin Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələri ilə məsuliyyətə cəlb olunması tələb edilir.
Daxili İşlər Nazirliinin mətbuat xidməti rəhbərinin müavini Ehsan Zahidov Amerikanın Səsinə bildirib ki, Eldəniz Quliyev yol polisi əməkdaşının hərəkətindən Daxili İşlər Nazirliyinin rəhbərliyinə şikayət edib.
Şikayət KİV vasitəsilə edilib və bu zaman “Azərbaycan polisinin şərəfi, ləyaqəti təhqir edilib, işğüzar imicinə xələl gətirilib”.
Çoxsaylı polis əməkdaşları DİN rəhbərliyinə müraciət edərək E.Quliyevin məhkəməyə verilməsini və cəzalandırılmasını tələb ediblər.
E.Quliyev Amerikanın Səsinin müxbiri ilə söhbətində polisin şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı iddiaların əsassız olduğunu bildirib.
O, deyib ki, yol polisi əməkdaşlarının heç bir səbəb olmadan sürücüləri saxladığının və pozuntu haqda protokol tərtib etdiklərinin şahidi olub. Bütün bunlar ətrafdakıların gülüşünə səbəb olub.
Bununla əlaqədar E.Quliyev Facebook səhifəsində yazdığı statusda DİN rəhbərini bu cür halların aradan qaldırılmasına çağırıb və KİV də bunu dərc edib.
“Mən yalnız onu qeyd etmişəm ki, texniki vasitələrlə, sürətli avtomobillərlə, müasir forma ilə yaxşı təchiz edilmiş polis əməkdaşları müvafiq mədəni səviyyəyə və etik davranışa malik olmalıdır.
Mən bütün polisləri təhqir etməmişəm. Polis əməkdaşlarının çoxu vicdanlıdır və öz işini peşəkarcasına yerinə yetirir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstərib”, - E.Quliyev vurğulayıb.
O hesab edir ki, çox güman ki, iddia siyasi motivlərlə qaldırılıb. Onu ictimai-siyasi fəaliyyəti ilə əlaqədar susdurmaq istəyirlər.
Qeyd edk ki, həmin maddələr üzrə E.Quliyevi üç ilədək azadlıqdan məhrumolunma cəzası gözləyə bilər.