İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Poroşenko, Serbiya prezidenti Aleksandr Vuçiç, Bolqarıstanın baş naziri Boyko Borisov, Şimali Kipr lideri Mustafa Akıncı, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, müxtəlif ölkələrdən nazirlər, enerji şirkətlərinin rəhbərləri iştirak edib.
Uzunluğu 1805 kilometr olan TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur. Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Layihə ilə bağlı Azərbaycan ilə Türkiyə arasında Anlaşma Memorandumu 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri (TAP) sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. TANAP layihəsi təbii qazı “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edəcək.
Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.
Mərasimdə çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür.
“TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub”.
Dövlət başçısnın fikrincə, TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır.
“TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilib. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. “Şahdəniz-2” qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan “Cənub Qaz Dəhlizi” icra edilmiş olacaqdır. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Prezident deyib ki, Cənub Qaz Dəhlizi Avrasiyada yeni əməkdaşlıq, işbirliyi formatını təşkil edir.
“Əgər işimizin əvvəlində - 2000-ci illərin əvvəllərində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı yaranmışdırsa, bu gün yeddi ölkə bu layihədə iştirak edir. Daha üç ölkə bizim gələcək tərəfdaşlarımız kimi bu layihədə iştirak edəcək. Biz çalışmalıyıq ki, Azərbaycan qazının Avropa qitəsinə çatdırılması istiqamətində daha böyük işlər görək və bizim əhatə dairəmiz daha geniş olsun”.
O son illər ərzində Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyuldugunu da diqqətə çatdırıb.
“Növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaqdır”, Əliyev qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TANAP alyihəsinin açılışını bölgə üçün tarixi addım adlandırıb.
“Cənub Qaz Dəhlizi layihəsinin bel sümüyü olan və enerjinin "İpək yolu" adlandırılan TANAP-ın açılışı gerçəkləşdirilir. Bu nəhəng layihənin planlaşdırılan tarixdən əvvəl həyata keçirilməsində əməyi olanları təbrik edirəm. Layihənin gerçəkləşməsi Türkiyə və Azərbaycan arasında qarşılığı etimada söykənən əlaqələr sayəsində mümkün olub”, o qeyd edib.
O bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər.
“Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”, Türkiyə prezidenti qeyd edib.
Daha sonra Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko çıxış edib.