Faxtə Zamani: İranda seçki ili təqiblər və həbslər artacaq

Your browser doesn’t support HTML5

Faxtə Zamani ilə müsahibə

Beynəlxalq insan haqları təşkilatları İranda son zamanlar edam hökmlərinin icrası ilə bağlı narahatlıq bildirib. Bu il İranda prezident seçkiləri keçiriləcək. Müşahidəçilər prezident seçki ili adətən İranda insan haqları sahəsində vəziyyətin daha gərgin olduğunu bildirir. Azərbaycanlı insan hüquqları müdafiəçisi Faxtə Zamani Amerikanın səsinə (www.amerikaninsesi.org) Skype vasitəsilə müsahibədə İranda son zamanlar edamların sayının həqiqətən də narahat doğuracaq bir səviyyədə artdığını, həbsxanalarda işgəncə hallarının geniş yayıldığını qeyd edib.

Faxtə Zamani İran hökumətinin bu il seçkilərdə 2009-cu ildə olduğu kimi insanların toplaşmasına imkan verməməyə çalışacağını deyib. O, dörd il bundan əvvəl seçkilərdən sonra saxlanan insanların çoxunun hələ də həbsxanada olduğunu xüsusi vurğulayıb.

Faxtə Zamani İran azərbaycanlılarının çətinliklər və həbslərə baxmayaraq, dil və mədəni hüquqları uğrunda mübarizəni davam etdirdiyini və öz etirazlarını çatdırmaq üçün yeni yollardan istifadə etdiyini qeyd edib. O, seçki ili hökumətin təqibləri gücləndirə biləcəyini və azərbaycanlı fəalların həbslərinin arta biləcəyini bildirib.