Florian İrminger: Həbsdə olan vətəndaş hüquqları fəalları və jurnalistlərin azad edilməsi üçün beynəlxalq səviyyədə səslər ucaldılmalıdır

Your browser doesn’t support HTML5

BMT-nin bu yaxınlarda açıqladığı hesabatda Azərbaycanın ingəncəyə dair konvensiyaya necə əməl etdiyi araşdırılıb. Beynəlxalq Human Rights Watch təşkilatı Azərbaycan hökumətini həbsxanalarda pis rəftara göz yummamağa çağırıb.Mərkəzi qərargahı Cenevrədə yerləşən Human Rights Houses təşkilatının rəhbəri Florian İrminger Amerikanın Səsinə müsahibədə hesabatı müzakirə edib.

Dilşad Əliyarlı: BMT-nin İşgəncələrə qarşı Komitəsi Azərbaycanda işgəncə və pis rəftar hallarını araşdırıb və bunun əsasında hesabatını açıqlayıb. Narahatlıq doğuran əsas məsələlər hansılardır?

Florian İrminger: Narahatlıq doğuran əsas məsələ ondan ibarətdir ki, Azərbaycan Cenevrədə BMT-nin İşgəncələrə qarşı Komitəsinə gəlib bu dörv ərzində, yəni 2010-2014-cü illər arasında bir dəfə də olsun işgəncə halının olmadığını bildirib. Azərbaycan bunu bəyan edir. Əsas narahatlıq da budur: bir ölkə işgəncə olmadığını iddia edəndə, bu o deməkdir ki, həmin ölkə işgəncənin qarşısının alınması üçün heç bir şey etməməlidir. Dünyada heç bir ölkə işgəncənin olmadığını deyə bilməz. Heç bir ölkə deyə bilməz ki, heç olmasa bir polis işçisi kimə qarşısa pis rəftar etməyib və ya hökumət agenti kiminləsə pis davranmayıb. Heç kəs bunu deyə bilməz.

"Əsas narahatlıq da budur: bir ölkə işgəncə olmadığını iddia edəndə, bu o deməkdir ki, həmin ölkə işgəncənin qarşısının alınması üçün heç bir şey etməməlidir"-Florian İrminger

Narahatlıq doğuran odur ki, Azərbaycan özünü dünyada pis rəftarın olmadığı yeganə ölkəsi kimi təqdim etməyə çalışır. Onlar öz hesabatlarında belə yazıblar. Bu, böyük narahatlıq doğurur. Çünki ölkə işgəncənin qarşısının alınması üçün bacardığı hər şeyi etməlidir. Bundan sonra isə işgəncə törədənlərə qarşı ölçülər götürülməlidir, buna görə məsuliyyət daşıyanlar məhkəmə qarşısına çıxarılmalıdır və cəzalandırılmalıdırlar. Azərbaycan özünü elə göstərir ki, işgəncə yoxdur. Bu, doğru deyil. Hamı bilir ki, bu, heç bir ölkə üçün doğru ola bilməz.

Sual: Hesabatın açıqlandığı gün Leyla Yunus həbsdən azad edilib. Lakin bir çoxları hələ də həbsdə qalır. Sağlamları narahatlıq doğuran başqa şəxslər varmı?

Cavab: İşgənlərə qarşı Komitədə Human Rights Houses şəbəkəsi də daxil olmaqla bir sıra qeyri-hökumət təşkilatları insan haqları müdafiəçisi İntiqam Əliyev və jurnalist Rauf Mirqədirovun səhhəti ilə bağlı dəfələrlə narahatlığını bildirib. İntiqam Əliyev hələ həbs edilən vaxt səhhətində problem var idi. Biz onun səhhətinin zəif olduğunu bilirdik. İndi də bizim bildiyimizə görə, o, ağrıkəsici dərmanlar qəbul edir. Lakin o, müalicə edilmir. Rauf Mirqədirovun da səhhətində problemlər var və onun sağlıq durumu həbsxanada getdikcə daha da pisləşir.

"İntiqam Əliyev hələ həbs edilən vaxt səhhətində problem var idi. Biz onun səhhətinin zəif olduğunu bilirdik. İndi də bizim bildiyimizə görə, o, ağrıkəsici dərmanlar qəbul edir"-Florian İrminger

Biz onu da eşitmişik ki, İntiqam Əliyevə qarşı cəza tətbiq edilib. Məsələn, iyun ayında dünyanın müxtəlif ölkələrindən 150 hüquqşünas prezident İlham Əliyevə yazdıqları məktubda İntiqam Əliyevin azad edilməsi istəyib dedi:“ İntiqam Əliyevi azad edin, o bizim kimi hüquqşünaslardan biridir. Onu azad edin, çünki onun tibbi yardımına ehtiyacı var, o müalicə olunmalıdır, onun həkimə ehtiyacı var, təkcə gəlib ona baxmaq üçün deyil, müalicə üçün. O, həbsxanada bu müalicəni ala bilmir. Onun həbsxanada qalmasına ehtiyac yoxdur. Onun həbsxanada olmasının yeganə səbəb odur ki, o, hüquqşünas, insan haqlarını müdafiəçisi kimi öz işini görüb.” Hüquqşünaslar bu məktubu yazıb. Onun ailəsindən aldığımız məlumata görə, bundan sonra 20 gün ərzində ona həbsxanaya yemək göndərilməsi qadağan edilib, onun ağrıkəsici dərmanlardan istifadə etməsinə icazə verilməyib. Həbsxanada olan vətəndaş cəmiyyətinin aparıcı firuqlarına qarşı cəza tətbiq edilir. Onların həbsxanada olması kifayət etmirmiş kimi, xarici dünyada onların azad edilməsi çağırışlarından sonra onlar cəzalandırılır. İntiqam Əliyev buna misaldır. O, həbsə salınmış və müalicəyə ehtiyacı olan insanlardan biridir. Leyla Yunus, Arif Yunus kimi. Həbsdə olmasına heç bir səbəb olmadan o həbsdə qalır və həbsdə qalması onun səhhətində düzələ bilməyən nəticələrə gətirib çıxara bilər.

Sual: Məhbuslarla rəftarla bağlı məlumatları necə əldə edirsiniz? Komitə, sizin təşkilatınız və məhbuslar arasında əlaqə necə qurulur?

Cavab: Mən mənbələr məsələsində ehtiyatlı davranacam. Azərbaycanda son 18 ayda Anar Məmmədlinin 2013-cü ilin əvvəli həbsi və bundan sonra başqalarının həbsindən bəri siyasi məhbusların vəkilləri təhdidlərlə qarşılaşır, bəziləri vəkillik hüququndan məhrum edilib, bəziləri isə təqiblərə məruz qalıb.

"Bir məsələ yəqindir ki, Arif və Leyla Yunusun səhhəti ilə bağlı həbsxanadan məlumatlar gəlirdi və indi onlar həbsxanadan çıxandan sonra və evdə olduqları zaman görürük ki, onların vəziyyəti həqiqətən də təsvir edildiyi kimidir"-Florian İrminger

Onlar Bakıda izlənir. Məhbusların yanına gedəndə, onları ziyarətdən qayıtdıqda izləyiblər. Onların sənədləri yoxlanıb. Buna görə də bizim bu informasiyanı necə əldə etməyimizlə bağlı mən ehtiyatlı olmağa davam edəcəm. Bir məsələ yəqindir ki, Arif və Leyla Yunusun səhhəti ilə bağlı həbsxanadan məlumatlar gəlirdi və indi onlar həbsxanadan çıxandan sonra və evdə olduqları zaman görürük ki, onların vəziyyəti həqiqətən də təsvir edildiyi kimidir. Onların təcili müalicəyə ehtiyacı var. Aparıcı vətəndaş cəmiyyəti müdafiəçiləri haqda gələn məlumatlar həqiqətə uyğundur, doğrudur və olduqca böyük narahatlıq doğurur. Yenə də deyirəm, İntiqam Əliyevin tibbi müalicəyə ehtiyacı var, onun tibbi yardıma ehtiyacı var və o dərhal azad edilməlidir.

Sual: Siz hökumətin hesabata reaksiyasını qeyd etdiniz. Bu nə ilə izah edilir?

Cavab: BMT-yə gəlib vəziyyətlə bağlı məlumatlara baxmaq hər zaman hər bir ölkə üçün çətin bir prosesdir. Azərbaycanın İşgəncələrə qarşı Komitəyə sonuncu dəfə 2009-cu ildə gəlişindən sonrakı dövr baş verənlərə baxsaq görərik ki, ölkə tamamilə dəyişib.

"2009-cu ildəki hesabatla 2015-ci ilin hesabatı arasındakı dövrdə ölkə tamamilə dəyişib. Bunun ən əsas elementlərindən biri, bunun simvolu odur ki, 2009-cu ildə Rəsul Cəfərov Cenevrəyə gəlimişdi"-Florian İrminger

2009-cu ildə İşgəncələrə qarşı Komitə Azərbaycanı araşdıranda ölkədə vəziyyəti həqiqətən də daha da yaxşılaşdırmaq, beynəlxalq sistemlə işləmək istəyi var idi. Bundan bir neçə il sonra yenidən Cenevrəyə gələndə ölkədə aparıcı vətəndaş hüquqları müdafiəçiləri, aparıcı hüquqşünaslar və Xədicə İsmayılova kimi aparıcı jurnalistləri həbsxanadadır. Vətəndaş cəmiyyəti demək olar qapanıb, təşkilatların liderləri həbsdə deyilsə, onların bank hesabları bağlanıb. Emin Hüseynov kimi vətəndaş cəmiyyətinin aparıcı firuqları xarici ölkənin köməyi ilə ölkəni tərk etmək məcburiyyətində qalıb. Ölkə komitəyə belə şəkildə gəlir və BMT-də bunu görürlər. İşgəncələrə qarşı Komitə bunu görür. Komitə deyir ki, bu insanlar azad edilməlidir və bu, başqa ölkələrlə müqayisədə elə fərqli xarakter alır ki, biz Azərbaycana baxanda İşgəncələrə qarşı Komitə bunu onların hər şeyi inkar etdiyi, heç nəyi qəbul etmədiyi kimi başa düşür. 2009-cu ildəki hesabatla 2015-ci ilin hesabatı arasındakı dövrdə ölkə tamamilə dəyişib. Bunun ən əsas elementlərindən biri, bunun simvolu odur ki, 2009-cu ildə Rəsul Cəfərov Cenevrəyə gəlimişdi. O, Azərbaycanda vətəndaş cəmiyyətinin səsi idi. O, İşgəncələrə qarşı Komitədə Azərbaycanda vəziyyətlə bağlı məlumat verməyə gəlmişdi. Biz bu il Komitəyə dedik ki, nə üçün Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri deyil, biz məlumat veririk? Bunun yalnız bir səbəbi var: Azərbaycan hökuməti insanları həbs edir. Onlardan biri 2015-ci ildə həbsdə olan Rəsul Cəfərovdur. O, 2009-cu ildə İşgəncələrə qarşı Komitə qarşısında məlumat verməyə gəlmişdi. Bu il isə yenidən gələ bilməyib. Bax, həqiqətdə bu baş verib. Azərbaycan isə bunları rədd etməyə çalışır, bunun doğru olmadığını, dəlilin olmadığını və xaricilər tərəfindən uydurulduğunu deyir.

Sual: Komitə Azərbaycan hökumətini həbs edilmiş hüquq müdafiəçilərini azad etməyə çağırıb. Buna nail olmaq üçün daha hansı işlər görülməlidir?

Cavab: Azadlığa buraxılmaq məsələsi Komitənin çağırışlarından biridir. Hökumətə İşgəncələrə qarşı Komitə tərəfindən daha artıq hansı dəlillər lazımdır? Avropa Şurasının Baş katibi, Avropa Şurasının özü, hamı hökuməti həbsdə olan insan haqları müdafiəçilərini azad etməyə çağırır. Hamı bunu etməyə çağırır. Dövlət agentlərinin onları həbs etdiyindən artıq hansı dəlillər gətirilməlidir? Hökumət hansı istiqamətdə gedəcəyini nümayiş etdirməlidir.

"Həbsdə olan hüquq müdafiəçilərinin azad edilməsi üçün beynəlxalq səviyyədə səslər ucaldılmalıdır. Avropa Şurası İntiqam Əliyevin həbsdən azad edilməsi üçün ölçü götürməlidir"-Florian İrminger

Biz bir il yarımdır sanksiyların tətbiq edilməsinə, viza məhdudiyyətlərinin qoyulmasına çağırırıq. ABŞ-da Konqresə qanun layihəsinin təqdim edilməsi bizi sevindirir. Avropa İttifaqı eyni ölçüləri götürməlidir. Həbsdə olan hüquq müdafiəçilərinin azad edilməsi üçün beynəlxalq səviyyədə səslər ucaldılmalıdır. Avropa Şurası İntiqam Əliyevin həbsdən azad edilməsi üçün ölçü götürməlidir. İntiqam Əliyev Avropa Şurasının Azərbaycanda hüquqşünaslarla proqramı üzrə koordinatoru idi. O, Avropa Şurası ilə işləyirdi və Avropa Şurası onun azad edilməsinə nail olmalı və onu lazım olan müalicə ilə təmin etməlidir. Amma bir şeyi vurğulamaq istəyirəm ki, onlarla insan haqları müdafiəçisi, hüquqşünas və jurnalistin azad edilməsi ilk addımdır. Ölkə qanunvericilikdə islahatlar aparmalıdır, İşgəncələrə qarşı Komitə bunu vurğulayıb. Ölkə vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiqlərə son qoymalıdır. Eyni zamanda, ədliyyə sisteminin müstəqilliyini təmin etmək üçün konkret addımlar atılmalıdır. Bu gün ədliyyə sistemi icraedici hakimiyyətə tabedir. Dünyada heç bir ölkənin belə sistemlə gələcəyi yoxdur.