Avro-2016: Fransa qələbə ilə başladı

Fransada futbol üzrə Avropa çempionatına start verilib. Açılış matçında Fransa və Rumıniya komandaları qarşılaşıblar. Oyunun ilk hissəsində qapılar toxunulmaz qalsa da, ikinci hissədə fransalı Olivye Jiru 58-ci dəqiqədə çempionatın ilk qolunu vurub. Lakin 65-ci dəqiqədə Stanku Fransanın qapısına təyin edilən turnirin ilk penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib.

Bundan sonra fransızlar oyunda üstünlüyü tam ələ keçirsələr də, rumınların müdafiəsini yalnız 89-cu dəqiqədə yara biliblər - Dimitri Paye topu doqquzluğa göndərib. Beləliklə, Fransa ilk oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Çempionat bu gün Albaniya - İsveçrə, Uels - Slovakiya və İngiltərə - Rusiya oyunları ilə davam edəcək.