Fuad Ağayev: İlqar Məmmədovla bağlı məsuliyyəti Azərbaycan höküməti daşıyır

İlqar Məmmədov, REAL hərəkatının lideri

“Yanvarın 15-də İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində olan hər iki iş üzrə mənimlə birgə təmsil etməyə razılıq verən məşhur britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır.
2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar – bu bir pozuntudur. Bu gün məlum olub ki, İlqara həmin sənədləri verməyiblər".

Bu barədə vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb.

Vəkil qeyd edir ki, buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil işə qoşulmamış hüquqlarını pozurlar.

"Bu pozuntuları cəzaçəkmə müəssisəsi rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür".

Fuad Ağayev

Onun sözlərinə görə, vəkil olaraq onun da hüquqları pozulur.

“Özümlə gətirdiyim sənədlər (o cümlədən, konfidensial sənədlər) məndən alınır və İlqarla Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır”, Ağayev yazıb.

Fuad Ağayev bununla belə tövsiyə edir ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı koridorunda videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun.

“Son vaxtlar baş verənlər bəzilərinin məni də hədəfə götürmələrinə dəlalət edir. Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman Aparatına üzümü tutaraq demək istəyirəm ki, İlqar Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulması üçün tam məsuliyyəti bütövlükdə Azərbaycan höküməti daşıyır", vəkil qeyd edib.

Bir neçə gün əvvəl də anoloji hadisə baş verib və vəkil Ağayev vəkillik hüqunun pozulduğunu qeyd edib.

Rəsmi orqanlar vəkilin bəyanatına hələ münasibət bildirməyib.

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İlqar Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərib. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi 2017-ci il oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir.

Azərbaycan hökuməti isə AŞNK-yə bu yaxınlarda göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İlqar Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İlqar Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Hökumət rəsmiləri deyir ki, qanunvericiliyə edilən son dəyişikliklər İlqar Məmmədovun şərti azadlığa çıxmasına imkan yaradır. Ancaq İlqar Məmmədov da bəyan edib ki, o, şərti azadlıq yox, bəraət istəyir.