ABŞ-ın Azərbaycandakı Səfirliyi 2021-ci ildə Fulbrayt Proqramının yaradılmasının 75-ci ildönümünü və Azərbaycanda fəaliyyət göstərməsinin 26 illiyini qeyd edib.
Səfirliyin keçirdiyi tədbirdə Fulbrayt proqramında qazanılmış təcrübənin məzunların peşə və şəxsi həyatlarının formalaşmasında rolundan bəhs edilib.
ABŞ Səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, hər il Azərbaycan tələbələri, tədqiqatçıları və müəllim heyətinə müxtəlif sahələrdə təxminən 15 Fulbrayt təqaüdü təqdim edilir.
“Azərbaycanda Fulbrayt proqramının məzunlar şəbəkəsi 180 Fulbrayt proqramının tələbəsi, 120 alim, 40 “Humphrey“ proqramının mütəxəssisi və 50 TEA proqramının müəllimi ilə təmsil olunur. Azərbaycanın təhsil naziri Emin Əmrullayev, BMT-nin Rezident Əlaqələndiricisi Ofisinin Tərəfdaşlıq və İnkişaf üzrə maliyyə müşaviri Şəms Mustafayeva, Qafqaz Regional Ekoloji Mərkəzinin proqram neneceri Tomris Bayramova və İqtisadi Tədqiqatlar Mərkəzinin təsisçisi Qubad İbadoğlu başda olmaqla məzunlarımızla fəxr edirik,“ səfirliyin məlumatında deyilir.