G7 Rusiya nefti üçün qiymət limitinin müəyyən edilməsi üzərində işləyir

"Böyük Yeddilər" (G7) ölkələrinin Rusiya neftinə tətbiq etmək istədiyi qiymət həddi alıcılara daha yaxşı qiymətlər əldə etmək imkanı verəcək. Bu barədə çərşənbə günü ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.

Londonda keçirilən forumda çıxış edən Maliyyə Nazirliyinin iqtisadi siyasət üzrə müşaviri Ben Harris qeyd edib ki, ABŞ Rusiya neftinin iki əsas idxalçısı olan Çin və Hindistanla "pozitiv dialoq" aparır.

G7 ölkələri tərəfindən razılaşdırılmış qiymət həddi iştirakçı ölkələrin neft və neft məhsulları üçün hələ müəyyən edilməmiş qiymət həddini aşan neft məhsulları yükləri üçün sığorta, maliyyə, broker, naviqasiya və digər xidmətlərdən imtina etməsini nəzərdə tutur.

Diplomatların keçən ay dediyi kimi Avropa İttifaqı neft qiymətlərinə həddin G7-nin razılaşdırdığı qiymətə uyğun təyin etməyi düşünür.

Harris izah edib ki, təfərrüatları hələ işlənməmiş qiymət həddi şirkətləri istehsal etməyə təşviq edəcək səviyyədə təyin olunacaq.

"Qiymət həddinin məqsədi Rusiya nefti ilə ticarəti saxlamaqdır, lakin daha aşağı qiymətlərlə. Çünki biz Rusiyanın hasilatı davam etdirməsi üçün iqtisadi stimul yaratmaq istəyirik və bu qiymət Rusiyanın ən bahalı neft quyusunun hasilatının marjinal xərclərini ödəyəcək" - deyə, maliyyə nazirinin müavini bildirib.

Harris deyib ki, qiymət səviyyəsi hələ müəyyən edilməsə də, məhdudiyyətin məqsədi Rusiyanın "Urals" markalı nefti ilə beynəlxalq "Brent" markası arasındakı fərqin azaldılmasıdır.

"Əgər biz idxalçıların mümkün olan ən yaxşı endirimi təmin etsək, bu, bizim üçün yaxşıdır".