Vasitəçilərin atəşkəs danışıqlarının bərpasına hazırlaşdığı vaxt Qəzza və İordan çayının qərb sahilində döyüşlər davam edir

İsrail və HƏMAS arasında atəşkəs razılaşması ilə bağlı müzakirələrin davam etdirilməsinə hazırlaşılarkən, Qəzzada və İordan çayının qərb sahilində keçən gecə boyu döyüşlər davam edib.

ABŞ, Qətər və Misirdən olan beynəlxalq vasitəçilər cümə axşamı danışıqların yeni raunduna başlamağa hazırlaşsalar da, gərginlik yüksək olaraq qalır. Belə ki, Beyrutda Hizbullahın yüksək səviyyəli üzvünün, Tehranda isə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin öldürülməsinə görə İran və müttəfiqləri İsraildən qisas alacaqları ilə hədələyir.

İsrail Beyrut hücumunun məsuliyyətini öz üzərinə götürüb. Geniş şəkildə İsrailin etdiyinə inanılmasına baxmayaraq, o, Tehran hücumunda əli olmadığını bildirib.

Fələstinlilərin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrail çərşənbə günü səhər saatlarında Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 5 uşaq və onların valideynləri olmaqla, azı 17 nəfər ölüb.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı boyunca HƏMAS-ın 40-dan çox infrastruktur obyektinin məhv edildiyini, döyüşçülərinin öldürüldüyünü və çox miqdarda silah, sursat, qumbara və digər partlayıcı maddələrin aşkar edildiyini bildirib.

Hər iki tərəfdəki mənbələr İsrail əsgərlərinin həmçinin çərşənbə günü işğal altındakı İordan çayının qərb sahilinin şimalında hava hücumları və reydlər zamanı 5 fələstinlini öldürdüklərini bildirib.

İsrail ordusunun məlumatında Tubasdan təxminən 5 kilometr aralıda yerləşən Təmmun qəsəbəsində "bir neçə silahlı terrorçuya havadan zərbələr endirildiyi" deyilib.

Tubasın qubernatoru Əhməd Səad France Press agentliyinə Təmunda 4, Tubasda isə 1 fələstinlinin öldüyünü deyib.

Fələstinlilərin rəsmi Vəfa xəbər agentliyinin bildirdiyinə görə, "ordu Tubasa səhər tezdən daxil olub və evində gizlənən bir gənci güllələyib".