Prezident İlham Əliyev aprelin 10-da Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı Azərbaycan prezidentinin rəsmi saytı yayıb.
Görüşdə İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün digər sahələrdə inkişafından məmnunluq ifadə edərək deyib ki, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə Azərbaycan-Rusiya əlaqələrinin uğurlu inkişafının əsasını təşkil edir.
Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli bu baxımdan böyük önəm daşıyır, regionda mövcud olan vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir.
Prezident Əliyev əminliyini ifadə edib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin ölkəyə səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, risklərin minimallaşdırılması, ölkələrin inkişafı və xalqların firavanlığının təmin edilməsi kimi məqsədlərə nail olunması işinə öz töhfəsini verəcək.
Nikolay Patruşev qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında təhlükəsizlik məsələləri böyük rol oynayır.
“Təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz”.
Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən Patruşev səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.