"Günəşli" yatağında yanğın söndürülüb

“Günəşli” yatağı

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və SOCAR birlikdə məlumat yayıb

«Günəşli» yatağının 19-cü özülündə 71 saylı quyuda sentyabrın 26-da başlayan yanğının söndürüldüyü bildirilir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi və SOCAR birlikdə məlumat yayıb.

Məlumata görə, yanğını bu gün - sentyabrın 27-i səhər saatlarında söndürmək mümkün olub.

Qeyd olunur ki, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri dərhal “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyyə ediblər.

Baş vermiş yanğın SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədovun iştirakı ilə Fövqəladə Hallar Nazirliyinin digər aidiyyəti qurumlarla birgə səyləri nəticəsində səhər saatlarında söndürülüb, həmçinin qaz təzahürünün qarşısı alınıb.