Həmədan vilayətinin rəsmisi: Nəzarətin olmaması körpə alverinə zəmin yaradır

İranın Həmədan vilayətində bir məhkəmə rəsmisi yetərli nəzarətin olmaması və qanuni boşluqların körpə alverinə zəmin yaratdığını qeyd edib.

Yarı-rəsmi İSNA agentliyinə istinadən, Həmədan vilayətinin məhkəmə rəsmisi İman Şükuhiyan bu sözləri vilayətin səhiyyə xidməti, habelə tibbi qeydiyyat və vətəndaşlıq qeydiyyatı idarəsi kimi qurumların müdirləri və ekspertlərinin qatıldığı bir iclasda dilə gətirib.

Şükuhiyan iclasda yetərli diqqət və nəzarətin olmaması səbəbilə, bəzilərinin aztəminatlı ailələrin iqtisadi problemlərindən sui-istifadə edərək körpə alveri ilə məşğul olduğunu önə çəkib.

“Körpə alverçiləri qanuni boşluqlar, eləcə də doğum şəhadətnaməsinin verilməsi və tibbi qeydiyyat kimi proseslərdə yetərli diqqət və nəzarətin olmamasından yararlanırlar,” Həmədan Cəza Məhkəməsinin rəsmisi söyləyib.

O, iclasa qatılan əlaqədar qurumların nümayəndlərini cinayətin baş verməsindən əvvəl lazımi tədbirləri görməyə çağırıb.

Keçən bir neçə ildə paytaxt Tehran daxil olmaqla İranın müxtəlif vilayətlərində körpə alverinə dair yayılan xəbərlər artıb. Borna agentliyində dərc edilən bir reportajda İnstagram kimi sosial şəbəkələrdə körpə satışı elanlarının paylaşıldığı qeyd edilib.