Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin iyunun 12-də Naxçıvanda başlayan birgə taktiki təlimləri davam edir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, Əlahiddə Ümumqoşun Ordunun, müxtəlif güc strukturlarının və Türkiyə Silahlı Qüvvələrinin bölmələri təlimin ssenarisinə əsasən "Həyəcan" siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb.
Birləşmə və hissələr döyüşə hazırolma planlarına uyğun olaraq fəaliyyət göstərib, bölmələrin tam döyüşə hazırolma vəziyyətinə gətirilməsi üçün müvafiq tədbirlər görülüb.
Mətbuat xidmətinin məlumatına görə, 5 000 nəfərədək şəxsi heyətin, 250-dən artıq döyüş və müxtəlif təyinatlı texnikaların cəlb olunduğu təlim iyun ayının 16-dək davam edəcək.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra (1988-ci ildə) Naxçıvana Ermənistan ərazisindən keçən avtomobil və dəmir yolu bağlanıb. Azərbaycan hazırda Naxçıvanla hava nəqliyyatı vasitəsi ilə, İran ərazisindən keçən quru yolları və Azərbaycan-Gürcüstan-Türkiyə quru yolları vasitəsi ilə əlaqə saxlayır.