Dövlət ittihamçısı “Tolışi sədo” qəzetinin redaktoruna 6 il həbs cəzası istəyib

hilal məmmədov

Bakı Ağır Cinayətlər məhkəməsində sentyabrın 11-də “Tolışi sədo”qəzetinin redaktoru Hilal Məmmədovun işi üzrə prosesdə dövlət ittihamçısı çıxış edib.

O,H.Məmmədovun 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror bildirib ki, məhkəmə istintaqı üç maddə - dövlətə xəyanət, milli ədavətin qızışdırılması və qanunsuz narkotik maddə üzrə H.Məmmədovun günahını sübut edib.

Onun sözlərinə görə, H.Məmmədov hələ 1992-ci ildə İranın xüsusi xidməti tərəfindən ələ alınıb. Məqsəd Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə zərbə vuran fəaliyyət aparmaq olub.

İstintaqın məlumatına görə, 1993-cü ilin yayında H.Məmmədov qondarma Talış-Muğan Respublikasının elan edilməsinə yardım göstərib və bu separatçı çıxışdan sonra Sankt-Peterburqa qaçıb.

Prokurorun çıxışına zaldan “yalandır!”, “doğru deyil!” replikaları səslənib.
Proses vəkillərin çıxışları ilə sentyabrın 25-də davam edəcək.

Hilal Məmmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir.
Amnesty İnternational onu “vicdan məhbusu” kimi tanıyıb.