Bakı meriyası İctimai Palatanın yürüş keçirməsini məqsədəuyğun saymır

İctimai Palata

İctimai Palata meriyanın cavabını qanun pozuntusu sayır
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın (İP) oktyabrın 13-də Parlament prospektində Mili Məclisin buraxılması və yeni seçkilərin keçirilməsi şüarı ilə yürüş keçirməsini məqsədəuyğun saymayıb.

Əvəzində Səbayel rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahədə Sürücülük Məktəbinin həyətində mitinq keçirilməsini təklif edib.

İctimai Palata meriyanın cavabını pisləyib. “Bu Azərbaycan konstitusiyası və qanunvericiliyinin kobud pozulmasıdır”, - deyə İctimai Palatanın katibi Gülağa Aslanlı Amerikanın Səsi radiosuna bildirib.

Onun sözlərinə görə, İctimai Palata yürüş keçirilməsi ilə müzakirələrini davam etdirəcək.

Xatırladaq ki, İctimai Palata oktyabrın 13-də saat 16.00-dan 18.00-dək Bakıda Əzizbəyovun keçmişdə heykəli olan bağın qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirilməsi ilə bağlı paytaxt meriyasına müraciət edib.