İntiqam Əliyevin 3 vəkili müdafiədən kənarlaşdırılıb

İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyevin dörd vəkilindən üçü – Anar Qasımlı, Əlayif Həsənov və Fariz Namazlı onun müdafiəsindən kənarlaşdırılıb. Bu, vəkillərin onun işi üzrə şahid kimi cəlb olunması ilə bağlıdır.

Əlayif Həsənov Amerikanın Səsinə deyib ki, Şahid kimi adının keçməsinin İntiqam Əliyevin işinə heç bir aidiyyəti yoxdur və səbəblərini bilmir. “Mən hələ qərarı almamışam və hansı əsaslarla İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırıldığımı bilmirəm. Qərarı aldıqdan sonra məhkəməyə şikayət edəcəm”, o vurğulayıb.

“Bu oyunda məqsəd bizi İntiqam Əliyevin müdafiəsindən kənarlaşdırmaq, onun müdafiəsini zəiflətməkdir”, öz növbəsində A.Qasımlı bildirib.

Hazırda İ.Əliyevin bir vəkili qalır - Cavad Cavadov.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Amnesty İnternational onu “vicdan məhbusu” elan edib.