BMT İranda edamların artmasından narahatdır

Edam

Noyabrın 18-də BMT Baş Assambleyasının insan hüquqları komitəsi İranda edamların artmasından narahatlıq bildirən qətnamə qəbul edib.

“Media forum” saytının məlumatına görə, qətnamədə deyilir ki, son 15 ayda İranda ən azı 850 nəfər edam edilib.

Qətnamədə siyasi məhbuslara işgəncə verilməsinin dayandırılması, cinsi ayrı-seçkiliyə, jurnalistlərə və ictimai fəallara qarşı təqiblərə son qoyulması tələb olunur.

Sənəddə BMT-nin İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhidin 2005-ci ildən ölkəyə səfərinə qoyulmuş qadağanın götürülməsi də tələb edilir.

Qətnamə səsverməyə çıxarılarkən 78 ölkə onu dəstəkləyib, 35 ölkə sənədin əleyhinə səs verib, 69 ölkə bitərəf qalıb.