İsrail Baş Naziri Benyamin Netanyahu cümə günü partiyadaxili seçkidə qələbə çalıb. Bu nailiyyət ona mart ayında keçiriləcək ümummilli seçkilərdə sağçı Likud partiyasının məhz onun rəhbərliyi altında iştirak edəcəyini təmin edir.
Korrupsiya ittihamı ilə qarşılaşan və 12 ayda üçüncü ümummilli seçkiyə qatılan İsrailin ən uzun müddətli baş naziri likudçular arasında 72.5 % səs, rəqibi Gideon Saar isə 27.5 % səs toplayıb.
Bu əhəmiyyətli qələbə onun 20 ildir ki, rəhbərlik etdiyi partiyada mövqeyini daha da möhkəmləndirib.
Netanyahu bu haqda twit atıb: “Bu böyük qələbədir. Likud üzvlərinə göstərdikləri güvən, dəstək və sevgi üçün minnətdaram,” o yazıb.
"Tanrının və sizin köməyinizlə mən Likudu qarşıdan gələn seçkilərdə böyük qələbəyə aparacağam. İsrail Dövlətinə misli görünməmiş nailiyyətlər qazandırmağa davam edəcəyik," deyə o vurğulayıb.
Media şərhçiləri Netanyahunun qələbəsini proqnozlaşdırmışdı, lakin onun bu qədər fərqlə qələbə çalması səs-küyə səbəb olub.