İtaliyanın kino ulduzu Cina Lollobricida dünyasını dəyişib

Arxiv fotosu: İtalyanın film ulduzu Cina Lollobrigcida Romanın cənubundakı villasında məşhurların fotoşəkillərindən ibarət divarın önündə şəkil çəkdirir, 7 dekabr 2006.

1950-ci illərdə beynəlxalq kino ulduzu adını qazanan və filmlərindən birindən sonra "dünyanın ən gözəl qadını" adlandırılan italyan aktrisası Cina Lollobricida bazar ertəsi Romada dünyasını dəyişib. Onun 95 yaşı var idi.

Agenti Paola Komin təfərrüatları açıqlamayıb. Lakin Lollobricida sentyabr ayında yıxıldığı zaman bud sümüyü sındığına görə əməliyyat keçirmişdi. Evə qayıtdıqdan sonra o, tez bir zamanda gəzməyə başladığını bildirmişdi.

1954-cü ildə şəklini üz qabığında dərc edən "Time" jurnalı italyan kinosu ilə bağlı məqaləsində Lollobricidanı “ilahə”yə bənzətmişdi. Yarım əsrdən çox vaxt keçməsinə baxmayaraq, şabalıq rəngli saçları və gözəl bəqən quruluşu ilə Lollobricida hələ də diqqətləri cəlb edirdi.

İtalyanlar tərəfindən məhəbbətlə "Lollo" adlandırılan aktrisa İkinci Dünya Müharibəsinin bitməsindən dərhal sonra İtaliyada filmlərdə çəkilməyə başlayıb.

1955-ci ildə "Dünyanın Ən Gözəl Qadını" titulu ilə yanaşı, Lollobricidanın karyerasında diqqət çəkən məqamlar arasında Rok Hadsonla birlikdə çəkildiyi "Sentyabr gələndə", 1953-cü ildə Hamfri Boqart və Cennifer Consun rol aldığı "Şeytana qalib gəlmək" və "Trapesiya" filmlərindəki rollarına görə Qızıl Qlobus mükafatlarına və 1969-cu ildə "Buona Sera, mrs. Campbell" filmində ən yaxşı qadın roluna görə David di Donatello mükafatına layiq görülməsi olub.

Müharibədən sonra aktrisa İtaliyada Mario Moniçelli, Luici Començini, Piyetro Cermi və Vittorio De Sika da daxil olmaqla, ölkənin ən məşhur rejissorları ilə işləyib.

Lollobricida həm də bacarıqlı heykəltəraş, rəssam və fotoqraf olub və nəticədə təsviri sənətlə məşğul olmaq üçün filmlərdə çəkilməyi dayandırıb. O, kamerası ilə keçmiş Sovet İttifaqından tutmuş, Avstraliyaya qədər dünyanı gəzib.

1974-cü ildə Kubada foto-reportaj hazırlayarkən Fidel Kastro onu 12 gün qonaq edib.