Yaponiya keçmiş Baş Nazir Şinzo Abe ilə vidalaşır

Yaponiya çərşənbə axşamı keçmiş baş nazir, Yaponiyanın müasir tarixində ən nüfuzlu liderlərdən biri, iyul ayında öldürülən Şinzo Abe ilə vidalaşıb.

Ölkə daxilində mənfi reaksiyalara baxmayaraq, Tokyonun mərkəzindəki Nippon Budokan arenasında keçirilən dövlət səviyyəsində dəfn mərasimində minlərlə Yaponiya vətəndaşı və xarici rəsmilər iştirak edib.

Abenin nəşi həyat yoldaşı Aki tərəfindən ziyarətçilərin olduğu auditoriyaya aparılıb və Yaponiya bayrağı və çiçəklərlə bəzədilmiş vitrinə qoyulub.

Yaponiyanın Baş Naziri Fumio Kişida dostu və müəllimi Abenin xatirəsinə həsr edilən nitq söyləyib.

"Abe san, siz bizimlə daha uzun müddət qalmalı olan biri idiniz," Kişida deyib .

Mərasimə bir neçə saat qalmış Yaponiya vətəndaşları gül dəstələri qoymaq və ehtiramlarını bildirmək üçün arenanın qarşısında uzun növbədə dayanıb.

Mərasimə yüzlərlə xarici lider də qatılıb. Bu, Abenin xaricdəki geniş populyarlığının əks etdirir. Abe xüsusilə də ümumi problemlər üzərində birlikdə işləməli olduqlarını dediyi demokratik ölkələrlə əməkdaşlığı və dostluğuna görə böyük hörmət qazanıb.

ABŞ-ın dəfn mərasimində nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Kamala Harris bazar ertəsi deyib ki, Abe “ABŞ-la davamlı dostluq” irsi qoyub.

Mərasimdə iştirak edən Hindistanın Baş Naziri Narendra Modi Twitter səhifəsində Abenin “əziz dost və Hindistan-Yaponiya dostluğunun böyük müdafiəçisi” olduğunu deyib.

Yaponiyanın özündə mühafizəkar siyasətçi olan Abenin siyasi irsi daha mürəkkəbdir. Ölümündən sonra onun adətən imperator və ailəsinə göstərilən yüksək şərəf olaraq dövlət tərəfindən təşkil olunan dəfn mərasimi ictimaiyyətin mənfi reaksiyasına səbəb olub.

Rəy sorğuları göstərir ki, yaponların əksəriyyəti dövlətin təşkil etdiyi dəfn mərasiminə qarşıdır. Çoxları tədbirin çox baha başa gəldiyindən şikayət edib. Hökumət bunun $12 milyon dollara başa gələcəyini proqnozlaşdırıb ki, bu da əvvəlki təxminlərdən xeyli yüksəkdir.